Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri məktəb direktorlarını məsuliyyətli olmağa çağırıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib. BŞTİ-dən verilən məlumata görə, BŞTİ-nin təşkilatçılığı ilə 276 nömrəli tam orta məktəbdə keçirilən görüşün əsas məqsədi tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması və müəssisə rəhbərlərinin məsuliyyətinin artırılmasından ibarət olub.

Görüşdə çıxışında təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən biri olduğunu vurğulayan BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb. Görüşdə məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, IX siniflərdə keçirilən buraxılış imtahanları, fənn olimpiadaları, məktəblərin idarəetməsi, Təlimə Dəstək Mərkəzinin fəaliyyəti, məktəblərdə psixoloji xidmət, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi, məktəbdənkənar fəaliyyətin təşkili, ictimaiyyətlə əlaqələr və digər məsələlər müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

BŞTİ müdirinin müavinləri Hüseyn Əsgərov və Rəşad Tağıyev kadrlarla iş, müəllimlərin işə qəbulu və yerdəyişməsi, müsabiqələrin təşkili, kargüzarlıq, maddi-texniki təminat və digər məsələlər haqqında fikirlərini bildiriblər. Daha sonra təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran suallar cavablandırılıb və qaldırılan məsələlərə aydınlıq gətirilib.

DİGƏR XƏBƏRLƏR

Top