Azərbaycanda ölüm səviyyəsi azalır - Nazirlik

"Azərbaycanda əhalinin sayı 2003-cü illə müqayisədə 17,5 faiz artaraq 2016-cı ilin 1 dekabr tarixinə 9 milyon 802 min nəfərə çatıb". Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Yeniavaz.com" saytına bildirilib ki, doğulanların sayı əhalinin hər min nəfərinə hesabı ilə 2003-cü ildəki 14 nəfərdən 2015-ci ildə 17,4 nəfərə qədər artıb. Ölkədə doğulanların sayı 2003-cü ildə 113 min 467 nəfər olduğu halda, 2015-ci ildə bundan 46,5 faiz çox, yəni 166 min 210 nəfər olub.

Nazirlikdən o da bildirilib ki, bu müsbət dinamika digər tərəfdən ölüm səviyyəsinin azalması ilə müşahidə edilib: "2015-ci ildə ölkədə ölənlərin sayı əhalinin hər on min nəfərinə hesabı ilə 2003-cü ildəki 60 nəfərdən 57 nəfərə qədər azalıb. Yəni il ərzində respublikada doğulanların sayı ölənlərin sayını 3 dəfədən çox üstələyir".

Ölkəmizdə ölüm səviyyəsinin azalması doğulanda gözlənilən ömür uzunluğu göstəricisinin artması ilə də müşahidə edilir: "Bu göstərici 2003-də 72,3 yaş (o cümlədən kişilər arasında 69,5 yaş, qadınlar arasında 75,1 yaş) olub, 2015-ci ilin yekunlarına görə isə doğulanda gözlənilən ömür uzunluğu 75,2 yaşa (o cümlədən kişilər üçün 72,7 yaşa, qadınlar üçün isə 77,6 yaşa) yüksəlib".

DİGƏR XƏBƏRLƏR

Top