Goranboy sakini Gülnaz Məmmədovanın evində 134 yaşlı köhnə samovar var. Bu samovar onun həyat yoldaşının nənəsinin nənəsindən yadigar qalıb. 57 yaşlı Gülnaz xanım "Yeniavaz.com" saytına bildirib ki, bu samovarı ən dəyərli hədiyyə hesab edir: "Bu günə qədər misdən hazırlanan bu samovarı bir dəfə də olsun təmir etdirməmişik. Qohum-qonşu, kəndə gələn qonaqlar bu samovarın çayından içməmiş getmir. Onu da deyim ki, bu samovar 2 əsrdir ki, dadlı çayı ilə insanların xidmətindədir. Mən bu samovarı ən dəyərli hədiyyə hesab edirəm".
Samovarı satmaq fikrinin olub-olmaması ilə bağlı suala Gülnaz xanım belə cavab verib: "İstəyən çox olub, hətta 3-5 min manat təklif edən də olub, amma razı olmamışam, çünki bizim üçün dəyəri maddiyyatla ölçülmür.
Qeyd edək ki, bu samovar 10 litr su tutumuna malikdir. Tula şəhərində istehsal olunub: "Deyirlər ki, odluq hissəsi qızıldandır. Qızıl olmasa belə bu bizim evin ən dəyərli əşyasıdır. Hər səhər samovarı odlayıb onun başına çay içmək üçün ailəliklə toplaşmağımız bizə bir dünyadır".
Esmira Hidayətova, Goranboy