General Natəvan Mürvətova fotosunun çəkilməsinə qəzəbləndi: "Rədd olun"

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başa çatıb.

Cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrlik etdiyi kollegiyada Sabunçu rayon Məhkəməsinin inzibati binasında araşdırılır.

Musavat.com xəbər verir ki, prosesdə bütün təqsirləndirilən şəxslərin vəkilləri vəsatət qaldıraraq müvəkilləri barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyiblər. Vəsatətlər təmin edilməyib.

Akif Çovdarovun vəkili Kamandar Nəsibov bu iş üzrə zərərçəkmişlərdən Cəmşid Novruzovun vəkilidir. Prokuror vəsatət qaldıraraq Kamandar Nəsibovun bu işdən uzaqlaşdırılmasını tələb edib. Vəsatət təmin edilib.

Təqsirləndirilən MTN zabitlərinin müdafiəsinə yeni vəkillər qoşulduğundan məhkəmə onlara işlə tanış olmaları üçün bir həftə vaxt verib.

Məhkəmədən sonra ev dustaqlığında olan Natəvan Mürvətova jurnalistlərin kameralarından yayınmaq üçün məhkəmə binasını ən sonda tərk edib.

Amma buna baxmayaraq jurnalistlər MTN-in ilk qadın generalının fotolarını lentə alıb.

Musavat.com-un məhkəmə binası önündə olan müxbiri xəbər verir ki, xanım general jurnalistlərin "ittihama münasibətiniz necədir" sualına cavabı kobud olub. Vəkili və bir nəfər şəxslə avtomobilə əyləşən N.Mürvətova jurnalistlərə "rədd olun" deyərək şəklinin çəkilməməsinə çalışıb.

Növbəti məhkəmə prosesi fevralın 21-nə təyin edilib.

İttihama görə, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Dəstə üzvləri sahibkarlara psixi və fiziki zorakılıq göstərməkdə, sərbəst buraxılmaları müqabilində həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə külli miqdarda pul tələb etmədə ittiham edilirlər. musavat.com

DİGƏR XƏBƏRLƏR

Top