Kreml ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinin istefasını bu ölkənin daxili işi hesab edir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib: “Biz bunu heç cür şərh etmək istəməzdik, bu, amerikalıların, prezident administrasiyasının daxili işidir. Bizim işimiz deyil”. Ümumiyyətlə bu mövzuya gəlincə, D. Peskov qeyd edib ki, bu barədə dəfələrlə şərh verilib: “Əlavə edəcək heç bir şey yoxdur”. Xatırladaq ki, M. Flinn fevralın 14-də istefa verib. İstefa ərizəsində o etiraf edib ki, Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak ilə təmasları barədə Ağ evə tam informasiya təqdim etməyib. Daha əvvəl isə KİV-lərin məlumatına əsasən, M. Flin 2016-cı ilin dekabrında S. Kislyak ilə Rusiya əleyhinə sanksiyaları müzakirə edib, hərçənd D. Trampın komandasının nümayəndələri bu məsələ ilə bağlı təkzib vermişdilər.