Manatın ucuzlaşmasından Neft Fondu 5,7 milyard manat qazanıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2016-cı il ərzində büdcə gəlirləri 9 milyard 410,2 milyon manat, büdcə xərcləri isə 9 milyard 22,1 milyon manat təşkil edib. "Yeniavaz.com" Neft Fondundan açıqlanan məlumatlara istinadən bildirir ki, 2016-cı il ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 milyard 341,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 8 milyard 320 milyon manat, bonus ödənişləri 0,1 milyon manat, tranzit gəlirləri 18 milyon manat və akrhesabı ödənişlər 3,3 milyon manat təşkil edib. Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 68,8 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri təşkil edib. 2016-cı il ərzində ARDNF-in 2016-cı il büdcəsinin icrası çərçivəsində 7 milyard 615 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 90 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 66,2 milyon manat vəsait ayrılıb. Həmçinin, 31,6 milyon manat Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə yönəldilib. Cənub Qaz Dəhlizi layihəsi üzrə 797,4 milyon manat, “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə isə 331,8 milyon manat vəsait ayrılıb. Keçən il Fondun idarə edilməsi ilə bağlı xərcləri 20,1 milyon manat təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top