"Dövlət qulluğuna qəbul prosesi sadələşdiriləcək" - Məleykə Abbaszadə

“Azərbaycanda dövlət qulluğuna qəbul prosesində prosedurlar sadələşməli və çeviklik təmin edilməlidir. Bu istiqamətdə ölkədə mühüm işlər həyata keçiriləcək”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinning layihəsinin rəsmi açılış mərasimində bildirib. O deyib ki, hazırda dövlət qulluğuna qəbulda şəffaflığın təmin edilməsi, dövlət qulluğunun nüfuzunun artması bu sahəyə marağın da artmasına səbəb olub: “Dövlət qulluğuna qəbul sahəsində başlanan islahatlar dövlət qulluğunun təkmilləşdirilməsi və peşəkarlığının artırılmasına xidmət edəcək. Dövlət qulluğuna qəbul sahəsində mövcud vəziyyət ondan ibarətdir ki, insanların dövlət qulluğuna qəbulu üçün bütün şəffaf imkanlar, mühüm hüquqi mühit yaradılıb. Bütün mərhələlərdə vətəndaş-məmur əlaqələri minimuma endirilib. Amma bu proses davam etməlidir. Eyni zamanda, bütün insanlar üçün dövlət qulluğuna qəbul əlçatan olmalıdır”.

M. Abbaszadə xatırladıb ki, Dövlət İmtahan Mərkəzi 2 təşkilatı özündə birləşdirib. Onun sözlərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası biliyin qiymətləndirilməsi, kütləvi imtahanların keçirilməsi üzrə 25 illik, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya isə dövlət qulluğu sahəsində 12 illik təcrübəyə malikdir: “İki qurumun birləşdirilməsi birgə işlərin görülməsi ilə yanaşı, insan potensialının bir araya gəlməsi deməkdir. Bu amil əhaliyə xidmətlərin göstərilməsi sahəsində daha geniş səlahiyyətlərin verilməsi və işlərin həyata keçirilməsinə imkan verəcək. Bu sahədə Avropa İttifaqı və digər dövlətlərin təcrübəsindən istifadə edilərək dövlət qulluğuna qəbul sistemi daha da təkmilləşdirilməli və bu sahədə islahatlar həyata keçirməliyik”.apa

DİGƏR XƏBƏRLƏR

Top