Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 5 illiyi qeyd olunub

Səbail Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi, rayondakı idarə və təşkilatlarının, ictimaiyyətin, veteranların, gənclərin nümayəndələrinin və çağırışçiların iştirakı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev qeyd edib ki, 2012-ci il fevralın 13-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılıb. Keçən müddət ərzində xidmət və onun rayon İdarəsi tərəfindən xeyli iş görülüb, əməkdaşlar üzərilərinə düşən mühüm və məsuliyətli vəzifələrin öhdəsindən layiqincə gəliblər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Səbail Rayon İdarəsinin rəisi, polkovnik Polad İbrahimov keçən 5 ildə Dövlət Xidməti və onun Səbail Rayon İdarəsi tərəfindən görülən işlər barədə məlumat verib. Bildirib ki, keçən müddət ərzindən Səbail rayonundan həqiqi hərbi xidmətə çağırış zamanı xidmətdən hər hansı yayınma və ya fərarilik halları olmayıb: "Hərbi xidmətdə olan səbailli gənclərin bir qrupu keçən ilin aprel ayında cəbhə xəttində baş vermiş döyüşlər zamanı xüsusilə fərqlənib, onlardan 2 nəfəri döyüşlərdə yaralanıb. Biz onlarla fəxr edirik". Tədbirin sonunda yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi işlərində fərqlənmiş bir qrup müharibə veteranı, ictimaiyyət nümayəndəsi və pedaqoji işçi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Səbail Rayon İdarəsinin Fəxri Fərmanları ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top