"Gənclərimiz yüksək əhvali-ruhiyyədə hərbi xidmətə yola salınmalıdır". Yeniavaz.com xəbər verir ki, bu sözləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 5-ci ildönümünə həsr edilmiş yığıncaqda Xidmətin Mingəçevir Şöbəsinin rəisi, polkovnik-leytenent Şahin Xəlilov bildirib. Şahin Xəlilov xidmətin 5 il ərzində gördüyü işlərə nəzər salıb. O, bildirib ki, bura yeni rəis təyin olunanda bir çox çətinliklərlə üzləşib: "Əvvəlki rəhbərlər əsgərin cibindən pul alıb onları öz pulları ilə hərbi xidmətə yola salırdılar. Belə əsgərdə hansı ruh yüksəkliyi ola bilər? Əsgərə boğça düzəldərlər, onu yüksək əhvali-ruhiyyə ilə yola salarlar ki, sənin vətənini qorusun. Biz bu çətinlikləri aradan qaldırdıq. Əsgərlərimizi hərbi xidmətə aparmaq üçün yeni avtobus da aldıq. Artıq vətəndaş kompüter vasitəsi ilə öyrənə bilir ki, onun övladı hansı bölgədə xidmət edəcək. Artıq bizimlə bərabər burada gənc kadrlar da çalışır. Mən sadə kəndli ailəsində dünyaya göz açmışam. Ona görə də çətinlik nə demək olduğunu başa düşürəm. İnsan istəsə hər bir çətinliyin öhdəsindən gələ bilər. Bizim xalqımız mərd xalqdır, inşallah, Qarabağ torpaqlarımızı azad edəcəyik".
Daha sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev, Qarabağ müharibəsi, Əfqanıstan müharibəsi veteranları, şəhid ailələri çıxış edərək, 5 illik münasibətlə təbriklərini çatdırıblar. Tədbirin sonunda işində fərqlənən bir neçə gənc kadra fəxri fərman, xadimə, gözətçi, sürücüyə isə xidmət rəisinin əmri ilə 150 manat pul mükafatı verilib.
Esmira Hidayətova, Mingəçevir