Mingəçevirdə "Hoqqa"

Mingəçevir Dövlət Dram Teatrında "Hoqqa" filminin qəhrəmanları ilə görüş keçirilib. "Yeniavaz.com" xəbər verir ki, tədbir çərçivəsində tamaşaçılara film haqqında da ətraflı məlumat verilib. Ssenari müəllifi Fariz Əliyev bizimlə söhbətində bildirib ki, rayonda yaşayan Qızxanım "facebook" sosial şəbəkəsində Eşqin adlı bir oğlanla tanış olur və onu özünə valeh edir: "Həmin bəyə də təklif edir ki, gəlib onu qaçırsın. Oğlan da onu dostunun meyid daşıyan maşınında qaçırır. O, qızı qaçırana qədər, yolda çıxartmadığı "hoqqa"lar qalmır. Elə filmin adı da həmin hadisələrdən götürülüb".

Qızxanım rolunun ifaçısı Əməkdar artist Dilarə Əliyeva komediya janrında olan filmin Quba rayonunda çəkildiyini deyib. D. Əliyeva hava şəraiti ilə əlaqədar çəkilişlərin heç də asan getmədiyin bildirib: "Biz tamaşaçılara, sözün əsl mənasında, "Hoqqa"nı təqdim etmək üçün çox hoqqalardan çıxdıq. Çıxmadığımız oyunlar qalmadı. Gülməli bir film təqdim etməyə çalışdıq. Ümid edirik ki, bu, bizdə alındı. Onu da deyim ki, komediya adına nə varsa, bu filmdə var. "Hoqqa" adı artıq hər şeyi deyir və filmdə nələrin olacağından xəbər verir. Tamaşaçılara səslənib deyirəm ki, getsinlər, bu filmi seyr etsinlər. İnşallah, baxıb bəyənərlər".

Dilarə xanım həmçinin yeni filmlərlə bağlı çoxlu təkliflər aldığını vurğulayıb və qeyd edib ki, qismət olarsa, o filmlərdə də rol alcaq.

Qeyd edək ki, filmin qurluşçu rejissoru Cavid Təvəkküldür. Filmdə Dilarə Əliyeva, Elməddin Cəfərov, eləcə də Cəfər Namiq Kamal, Vüsal Murtuzəliyev, Nofəl Şahlaroğlu, Rauf Şahsuvarov və başqaları çəkilib.

Tədbirin sonunda tamaşaçılar bu ekran əsərini filmin qəhrəmanları ilə birgə izləyiblər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top