Rusiya suya düşən qırıcılarını çıxaracaqmı?

Rusiyanın “Admiral Kuznetsov” aviadaşıyıcı gəmisinin Suriya sahillərinə səfəri zamanı suya düşmüş “MiQ-29K” və “Su-33” qırıcıları sudan çıxarılmayacaq. “Yeniavaz.com”un “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyindəki mənbə deyib. O bildirib ki, göyərtə qırıcılarının Suriya sahilləri yaxınlığında düşməsindən sonra onların dərinlikdən çıxarılması imkanı nəzərdən keçirilib: “Lakin bütün amillər qiymətləndirildikdən sonra bu əməliyyat məqsədəuyğun hesab edilməyib. Təyyarələrin düşdüyü yerə xüsusi dərinsulu aparatlar və axtarış əməliyyatları üçün gəmi göndərmək lazım olacaqdı. Bu, kifayət qədər bahalı işdir. Bununla yanaşı, xərclər özünü tam doğrultmayacaq”. Digər bir mənbə isə bildirib ki, düşən təyyarələrin göyərtəsində yad əllərə keçməməli olan məxfi avadanlıqlar var: “Hər şeydən əvvəl bu, dövlət tanıma sistemi aparatıdır. Lakin pilot katapult edərkən bu avadanlıq avtomatik olaraq özünü məhv etməlidir”.

Xatırladaq ki “Admiral Kuznetsov”un daxil olduğu Şimal donanmasının gəmi qrupunun Suriya səfəri 2016-cı il oktyabrın 15-dən 2017-cı il fevralın 8-dək davam edib. Şərqi Aralıq dənizinin sularında qeyri-hərbi şəraitdə “MiQ-29K” və “Su-33” qırıcıları qəzaya uğrayıb. Ekspertlərin hesablamalarına görə, Rusiya bu səfərə 7,5-10 milyard rubl xərcləyib. Büdcəyə ən böyük zərəri isə qəzaya uğrayan “MiQ-29K” və “Su-33” qırıcıları vurub. Onları əvəzləmək üçün 70-103,4 milyon dollar vəsait xərclənə bilər.

DİGƏR XƏBƏRLƏR

Top