"Diversiya qrupları arxa tərəfə keçə bilsə..."

Bu gün Silahlı Qüvvələrin Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Z.Həsənov bütün kateqoriyalardan olan komandir və rəis heyəti qarşısında xidməti döyüş fəaliyyətinin artırılması, xüsusilə ön xətdə yerləşən bölmələrin döyüş hazırlığı, müdafiə sisteminin hərtərəfli təminatı, döyüş növbətçiliyinin və qoşunların döyüş qabiliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar göstərişlər verib. Müdafiə naziri cəbhə xəttində düşmənin fəaliyyətinin daim izlənilməsi, bütün istiqamətlərdə hərbi üstünlüyün və təşəbbüsün əldə saxlanılması, o cümlədən, düşmən təxribatlarına qarşı dərhal və təsirli tədbirlərin görülməsi ilə bağlı müşavirə iştirakçıları qarşısında tapşırıq qoyub.

Yeniavaz.com xəbər verir ki. nüdafiə nazirinin verdiyi göstərişlərlə bağlı fikirlərini moderator.az-a bölüşən Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib ki, son vaxtlar ATƏT-in Minsk qrupu üzvləri Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün müəyyən aktivlik göstərirlər, bu aktivliyin fonunda isə ermənilər öz təxribatçı əməllərindən əl çəkmirlər:

“Ermənilər öz çirkin təxribatlardan əl çəkməyərək cəbhə bölgəsində gərginlik yaradır, biz tərəfə diversiya qrupları göndərmək cəhdləri göstərirlər. Onlar tərəfindən atəşkəsi pozma cəhdləri daha da çoxalıb. Hətta qruplar şəklində aktivlik var. Bu qruplar kəşfiyyat aparmaqla zəif olan yerlərimizi aşkara çıxarmağa çalışırlar. Ona görə də Azərbaycan müdafiə naziri xüsusi şəkildə ön xətdə olan qüvvələri daha da diqqətli olmağa çağırıb, bu barədə tapşırıqlar verib. Bu tapşırıqların mahiyyəti ondan ibarətdir ki, düşmən hər bir təxribatının qarşısı qətiyyətlə alınmalıdır. Müdafiə naziri dəfələrlər bəyan edib ki, biz öz torpaqlarımızdayıq, öz torpaqlarımızı qoruyuruq, ona görə də bizim torpaqlarda düşmənin aktivliyinin, atəşkəsi pozmaq cəhdinin qarşısı bizim tərəfdən amansız şəkildə alınacaq, təxribatçılar öz cavablarını yüz qat alacaqlar. Ali Baş Komandan da bəyan edib ki, erməni anaları öz övladlarını itirmək istəmirlərəsə, qoy öz dövlətlərinin ordusunda xidmət eləsinlər, işğalçılıq hərəkətlərindən əl çəksinlər. Onu da deyim ki, cəbhə xəttinə yaxın ərazilərdə yaşayış məntəqələrim yerləşir. Buna görə də ordumuzun cavabdehliyi daha da artır. Diversiya qrupları arxa tərəfə keçə bilsə, necə böyük faciənin baş verəcəyini təxmin etmək elə də çətin deyil. Ordumuz ayıq-sayıq olmalıdır və sevindirici haldır ki, məhz elə bu cürdür, əsgərlərimiz sayıqlığını itirmir. O da sevindirici haldır ki, müdafiə naziri, hərbi komandalıq tez-tez cəbhə bölgəsinə baş çəkir, vəziyyətlə tanış olur, vəziyyətə uyğun olaraq öz tapşırıqlarını dəqiqləşdirirlər. Bunun nəticəsidir ki, son zamanlar Ermənistan tərəfi böyük itkilərlə üzləşir. Diversiya qrupları öz məqsədinə çata bilmir. Sadəcə itki verirlər. Ordumuz texniki cəhətdən çox yüksək səviyyədə təmin olunub, bu isə düşmənin hər bir addımını izləyəmə imkan verir”.

Şair Ramaldanov deyir ki, böyük itkilər Ermənistan cəmiyyətini, əsgər analarını ayağa qaldırıb: “Onlar müxtəlif aksiyalar keçirirlər. Müdafiə Nazirliyinin qarşısına yığışıb, hesabat istəyirlər. Ancaq əsgər analarına qarşı insanlığa yaraşmayan hərəkət etdilər, onları nazirliyin qarşısından qovdular. Bizdə şəhid olmuş əsgərlərimizin valideynləri çox böyük qayğı ilə əhatə olunur. Onların ağrısını az da olsa azaltmaq üçün bütün addımlar atılır. Bunu ermənilər də görür, bu xidmətdə olan erməni əsgərinə də təsir edir. Hər bir əsgərin arxasında dövlət durmalıdır. Onda əsgər də əsgər olur. Bu gün bizim ordunun düşməni yüksək səviyyədə cəzalandırması Ali Baş Komandan tərəfindən aparılan siyasətin, müdafiə naziri tərəfindən atılan addımların, verilən uğurlu tapşırıqların nəticəsidir. Bizim əsgərimizə daimi döyüş təlimi keçilir, bizim əsgərimiz toxdur, hər bir şeylə təmin olunub, o cümlədən lazım olan silah-sursatla, izləmə cihazları ilə... Bunun nəticəsidir ki, düşmən öz layiqli cavabını alır”.

DİGƏR XƏBƏRLƏR

Top