"Yanan laylalar"la getdi...

Ondan söz düşəndə, adətən, belə deyirlər: mahnılarında dilimizin melodiyası var. Hər mahnısını dilimizin ahəng qanununa uyğunlaşdıran və "nəğmə dolu bir ürəyəm" ("Ey vətən" əsəri bütün dünyada ölkəmizi tərənnüm edən mahnılardan biridir) deyən həmin bəstəkar 5 il əvvəl, fevralın 11-də dünyasını dəyişdi... Özü də 74 yaşında...Yəqin, bildiniz. Bəli, söhbət Xalq artisti (o, bu ada 2008-ci ildə layiq görülüb) Elza İbrahimovadan gedir.

Elza İbrahimovanın mahnılarında həm də bir rahatlıq, bir ecazkarlıq var. O, hər mahnısı ilə sanki insanı ovsunlayır. Bu da şübhəsiz ki, bəstəkarın notlarla insan aləminin ənginliklərinə təsir edə bilməsindən irəli gəlir. Bu yerdə Xalq şairi Bəxtiyar Vahabzadənin Elza İbrahimova haqqında söylədiyi fikri də xatırlatmaq yerinə düşərdi: "Elza İbrahimova mahnı janrında lövhə ustasıdır. O, gözlə görünən dünyanın deyil, görünə bilməyən, içəridən bizi dalğalandıran hisslərin, həyəcanların, bir sözlə, iç dünyamızın rəssamıdır. O, səslərdən toxuduğu nəğmə naxışlarında bizə ovqatımızı, öz iç dünyamızı göstərir. Onun nəğmələrinin verdiyi bəsirət gözü ilə o, bizi özümüzə, daxili aləmimizə baxmağa məcbur edir". Bu sözlərin bir həqiqət olduğuna bir daha inanmaq üçün bəstəkarın "Gecələr bulaq başı"nda mahnısına qulaq asmağınız kifayət edər. Mən hələ "Qurban verərdim"i demirəm. Yeri gəlmişkən, Elza xanımın mahnılarına qulp qoyanlar da olub. O bu barədə müsahibələrindən birində deyirdi: "Argentina tanqosuna necə biganə qalmaq olar axı? İllər əvvəl mərhum Rəfiq Zəka "Qurban verərdim" şeirini mənə göstərərkən nə vaxtsa həmin sözlərə musiqi bəstələyəcəyim heç ağlıma da gəlməzdi. Üstəlik tanqonun "burjua" ahənginin sovet ruhuna uyğun gəlmədiyini deyirdilər. Teleradionun Bədii Şurasında biz müəlliflərə və gənc ifaçı Akif İslamzadəyə "kommunizmə doğru addımladığımız bir vaxtda insanları keçmişə qaytarmaq istəyirsiniz!", - deyə irad bildirmişdilər". Mahnılarını kimlər oxumayıb onun? Rəşid Behbudov, Oqtay Ağayev, Flora Kərimova, Akif İslamzadə, Elmira Rəhimova, Gülağa Ağayev, İslam Rzayev, İlhamə Quliyeva, Teymur Əmrah... Elə bu "coğrafiya" da onun necə bəstəkar olmasının göstəricisi sayıla bilər.

Cövdət Hacıyevdən, Qara Qarayevdən dərs almışdı o... Niyasi kimi bir dahi onun diplom işi ("Fortepiano və orkestr üçün konsert" )haqqında belə demişdi: "Maraqlıdır, ancaq fortepiano fakturalı pianoçu üçün mürəkkəb əsərdir". Lakin Elza İbrahimova mahnı janrına üstünlük verdi və ilk mahnısını 1968-ci ildə yazdı. Onun ilk mahnısı "Yalan ha deyil" (sözləri Məmməd Rahimin) 1969-cu ildə Şövkət Ələkbərova tərəfindən ifa edildi. Onu da deyək ki, bu, bəstəkarın musiqi yazıldıqdan sonra ona uyğun şeir seçdiyi yeganə əsəridir.Elə onun ikinci əsəri - "Bakının işıqları" də Şövkət xanımın ifasında səsləndi (O, Azərbaycan şairlərinin əsərlərinə yüzdən çox mahnı, həmçinin romans və sonatalar da bəstələyib).

Elza İbrahimovanın ən böyük arzusu Qarabağ mövzusunda yazdığı "Yanan laylalar" əsərini Opera və Balet Teatrının səhnəsində görmək idi. Lakin onun bu arzusu hələ də gerçəkləşmədi. Elza İbrahimovanın qardaşı Çingiz İbrahimovun sözlərinə görə, heç nədən xəstələnməyən Elza xanım bir ayın içində əsəbdən əridi... Onu da qeyd edək ki, 50 ildən artıq mədəniyyətimizə xidmət etmiş bu bəstəkarın adı indiyədək əbədiləşdirilməyib: bir vaxtlar yaşadığı evdə memorial lövhə belə vurulmayıb. Gələn il isə onun anadan olmasının 80 ili tamam olacaq.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top