Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbuldan seçilmiş millət vəkili Dursun Çiçək İŞİD-in 3 il bundan əvvəl Mosuldakı Türk Konsulluğuna basqını ilə bağlı bir iddia irəli sürüb. "Yeniavaz.com" "Hürriyet"ə istinadən bildirir ki, D.Çiçək İŞİD-in hücumundan əvvəl o dövrün baş naziri Rəcəb Tayyib Ərdoğanla Baş Qərargah rəisi Necdet Özel arasında Konsulluğa yardım göndərilməsi ilə bağlı müzakirənin olduğunu iddia edib. İddiaya görə, "Konsolluğa basqın olacaq, dəstək göndərib, mane olaq" deyən Baş Qərargah rəisinə R.T.Ərdoğan "İŞİD bizə belə bir pislik etməz, siz başqa işlərlə məşğul olun" deyə cavab verib. Çiçək bu iddianın Türkiyə Böyük Millət Məclisində qanun layihəsinin müzakirəsi zamanı səsləndirib. O, mənbəsinin şəxsən Necdet Özel olduğunu bildirib: "Həbsxanadan çıxdıqdan sonra azadlığa çıxmağımdakı səy və dəstəyinə görə Özelə təşəkkür etmək üçün onu ziyarət etdim. 2014-cü ilin sentyabr ayında baş verən bu ziyarət zamanı ordu və iqtidar münasibətləri ilə bağlı söhbətimiz oldu. Mosul Konsulluğu ilə bağlı məsələ bu söhbət zamanı açıldı".