
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, tanınmış rəssam Fəxrəddin Əlinin "Bir kitabın izi ilə. Azərbaycan muğamı miniatürlərdə" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə kitabxananın Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü ictimaiyyətə təqdim olunan nəşrin əhəmiyyətindən, F.Əlinin yaradıcılığından söhbət açıb. O, kitabın milli musiqimizin təbliğində mühüm rol oynayacağını bildirib. MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova qeyd edib ki, muğamlarla bağlı düşüncələrin əks olunduğu bu kitab milli musiqimizin inkişafına töhfədir.
Sonra Türkiyənin Qars Unversitetinin professoru, kitabın məsul redaktoru Rafiq İmrani təqdim olunan kitabın məziyyətlərindən danışıb. Bildirib ki, Azərbaycan mədəniyyətinin inkişafına, qədim muğam sənətimizin tədqiqinə həsr olunmuş kitab bu sahədə dəyərli mənbədir.
Tədbirdə MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxanada Azərbaycanın təbliğinə xidmət edən çoxsaylı işlər görüldüyünü qeyd edib. MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazası haqqında məlumat verən direktor bildirib ki, məqsəd Azərbaycanın qədim mədəniyyətinin, tarixinin bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək və oxucuların istifadəsinə verməkdir.
Sonda kitabın müəllifi, tanınmış rəssam Fəxrəddin Əli tədbirin təşkilatçılarına və iştirakçılarına və kitabın işıq üzü görməsində əməyi olanlara minnətdarlığını bildirib. F.Əli hazırda Nizami Gəncəviyə həsr olunan yeni kitab üzərində çalışdığını və əsərin xeyli hissəsinin artıq tamamlandığını qeyd edib.
Tədbir Xalq artisti Mənsum İbrahimovun tələbələrinin, o cümlədən MEK əməkdaşı Səddam Əliyevin muğam ifaları ilə davam edib.
Qvami
Tətbiqimizi yükləyə bilərsiniz