Apteklərdə dərman çatışmazlığı ilə bağlı araşdırmalara başlandı - Nazirlikdən açıqlama

Son günlər apteklərdə bəzi dərmanların tapılmaması ilə bağlı "Yeniavaz.com" saytında məlumat vermişdik. Aptek işçiləri özləri belə bu sualın cavabını dəqiq verə bilmirlər. Ehtimal olunurdu ki, səbəb dolların ucuzlaşmasıdır, lakin iqtisadçı ekspert Vüqar Bayramov sualımıza cavabında belə bir ehtimalın real olmadığını bildirib. Mövzunun aktuallığını nəzərə alıb Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin əməkdaşı Cavid Xəlilov bizə bu məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət etməyi tövsiyə etdi.

Suallarımızı Səhiyyə Nazirliyinin Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Ələkbərovaya ünvanladıq. Lakin Esmira Ələkbərova bizə bu məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyinə müraciət etməyi məsləhət gördü: "Apteklərdə dərman çatışmazlığı məsələsi bizim səlahiyyətimizə daxil olan məsələ deyil. Apteklərin dərman təchizatı ilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məşğul olmur. Ekspertiza Mərkəzi dərmanların keyfiyyətinin laborator analizləri, qeydiyyatı, içlik vərəqələri və s. işlərlə məşğuldur. Yəni bizim səlahiyyətimiz bununla bağlıdır. Apteklərin dərmanla təchizatı məsələsi sahibkarlıqla bağlı məsələdır. Yaxşı olardı ki, İqtisadiyyat Nazirliyinə müraciət edəsiniz".

"Yeniavaz.com"un sualına İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin cavabı isə belə oldu: "Bizə də bununla bağlı son bir neçə gündə məlumatlar daxil olub. Hazırda bununla əlaqədar araşdırmalar aparılır".

"Araşdırma aparılır deyərkən nəyi nəzərdə tutursunuz?" sualımıza Abbas müəllim belə cavab verdi: "Araşdırırıq ki, deyilən məlumatlar həqiqətən doğrudurmu? Əgər təsdiqini taparsa, şübhəsiz ki, problem aradan qaldırılacaq. Əgər təsdiqini taparsa... Dünən və bu gün KİV tərəfindən bizə məlumatlar verilib, indi o məlumatları araşdırırıq. Bununla bağlı ictimaiyyətə açıqlama veriləcək".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top