Mingəçevirdə əhali icbari tibbi sığortanın tətbiqindən razıdır - ARAŞDIRMA

Məlum olduğu kimi, Mingəçevir və Yevlax şəhərlərində səhiyyə sistemində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Azərbaycanın səhiyyə sisteminin inkişafına xidmət edəcək bu sistemin səhiyyəmizi köklü sürətdə dəyişəcəyi bildirilir. Bəs, əhali bu sistemdən necə yararlanır? "Yeniavaz.com" saytı olacaq sualımıza cavab almaq məqsədi ilə Mingəçevir Şəhər Xəstəxanasında sorğu keçirdik. Xəstəxanada insanların sayı kifayət qədər çox idi. İlk olaraq müayinə üçün sahə həkiminə müraciət edən şəhər sakinlərindən Svetlana Qurbanova sualımızı cavablandırdı: "Uzun illərdir baş ağrısından əziyyət çəkirəm. Demək olar ki, günüm həkimlərdə keçirdi. Aldığım məvacib ancaq həkimlərin cibinə gedirdi. Pullu-pulsuz fərqi yoxdur, insanlara keyfiyyətli xidmət göstərilsin. Amma bu sistem tətbiq olunandan sonra bir qəpik də pul ödəmədən rahat gəlib müayinə olunuram. İradım apteklərdə satılan dərmanlardandır. Dərmanların da keyfiyyəti normallaşas, lap yaxşı olardı".

Digər şəhər sakini, şəkər xəstəsi və heç bir yerdə işləməyən Gülafət İbrahimova isə sualımıza belə cavab verdi: "Yüksək şəkər xəstəsiyəm. Neçə vaxtdır ki, həkimə gəlmək istəyirdim, amma imkansızlıq ucbatından gəlmirdim. Eşitdim ki, səhiyyə pulsuzdur. Sözün düzü, bu xəbərə çox sevindim. Həkimin qəbulunda oldum, bir şəhər sakini kimi bu sistemi tətbiq edənlərə minnətdarlığımı bildirirəm. Amma dərmanlar çox bahadır və dərmanların özünü yox, əvəzedicilərini alırıq".

Daha sonra Doğum Evində olduq. Əhalinin ən yaralı yeri olan doğum evi... Xəstəxanada hər cür şərait yaradılıb. Xəstələr onlara göstərilən qulluqdan razılıqlarını bildirdilər. Gənc ana, dünyaya yeni uşaq gətirən Aynurə Əliyeva bildirdi ki, 3 gündür xəstəxanadayam: "Dünyaya sağlam bir oğlan uşağı gətirmişəm. Hər cür şəriatlə təmin olunmuşuq. Həkim, tibb bacıları başımıza pərvanə tək dolanırlar".

Şəhər sakini Xəyalə Abdullayeva isə deyir ki, dünən axşam dünyaya yeni övladımı gətirmək üçün xəstəxanaya gəlib: "Bura gələndə bir az tərəddüd keçirdim. Çünki bu mənim ikinci doğuşumdu. Bundan əvvəl burada belə bir hal görməmişdim. İndi gördüklərim tama başqadır. Bir qəpik pulumuz çıxmadı. Nə uşaq bələyən, nə xadimə, nə də həkim pul söhbəti etmir. Bu da bizim kimi imkansız ailələrin xeyrinədir. Həm də şərait çox yaxşıdır, gündə 3 dəfə yeməklə təmin olunuruq".

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasını Doğum Şöbəsinin müdiri Həqiqət Əzizova ilə də görüşdük. Həqiqət xanım bildirdi ki, müraciətlər əvvəlkinə nisbətən çoxalıb: "8-10 doğuş iki-üç gün ərzində olur. Bu sistem Yevlax və Mingəçevir əhalisi üçün şamil olunsa da ətraf rayonlardan - Goranboy, Bərdə, Ağdaş, İsmayıllı xəstələri də bizə müraciət edirlər. Əgər onlardan təcili doğuşa ehtiyacı olan varsa, burada digər xəstələr kimi qulluq olunur. Digərləri isə planlı şəkildə məlumatlandırıb yaşadıqları yerlərə göndərilir".

Doğum evinin qarşısında nəvə, nəticə gözləyən valideynlər də bu sistemin tətbiqindən razılıqlarını bildirdilər. Suqra Vəliyeva deyir ki, gəlinim bu gün ana olub:"İnandırım sizi, heç evdən yemək də gətirməyə qoymadılar. Bildirdilər ki, burada xəstələr gündə 3 dəfə yeməklə təmin olunurlar. Rahat şəkildə burda əyləşib xəstəmizin vəziyyəti ilə maraqlanırıq. Allah Prezidentimizin canını sağ eləsin ki, bizim kimi imkansız ailələrin qayğısına qalır. Sözün düzü, bundan əvvəl gəlinlərə deyirdim ki, hərəniz bir uşaq dünyaya gətirin, çünki bir uşağın xəstəxana xərcləri büdcəmizə təsir edirdi. İndi gəlinlərə demişəm ki, daha bir neçə uşaq dünyaya gətirə bilərsiniz".

Ulturasəs müayinə həkiminin qapısını ağzında qələbəlik var idi. Həkimlə görüşdük. O bizə bildirdi ki, bir gündə 30-40 xəstə qəbul edir.

Sonda icbari tibbi sığortanın Mingəçevir sakinləri üçün təyin olunmuş direktoru Könül Ələkbərovun müavini Aytən Nadirova ilə görüşüb əhalinin şikayət və təkliflərini öyrəndik. Aytən xanım bildirdi ki, "qaynar xətt" vasitəsilə bizə həm şikayətlər, həm də xahişlər olur: "Biz bu şikayət və xahişlərlə bağlı Mingəçevir və Yevlaxda işləyən bütün tibb işçilərini məlumatlandırırıq, əgər onlar bizim qanunlarımıza tabe olmasalar, onları hüquq-mühafizə orqanlarına şikayət edirik. Hələlik xəstəxanamıza müraciət edən ətraf rayonların əhalisi üçün də pulsuz xidmət göstətilir. Həkimlər də canla-başla xəstələrə xidmət göstərir".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top