"Olympic Moves" idman proqramının yeni mövsümünə start verilib

Noyabrın 21-də Mili Olimpiya Komitəsində (MOK) "Olympic Moves" məktəblilərin kütləvi idman proqramının yeni mövsümünün təqdimat mərasimi keçirilib. Təhsil Nazirliyindən verilən məlumata görə, tədbirdə Mili Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə cari mövsümdə proqram çərçivəsində nəzərdə tutulan yeniliklər barədə məlumat verib.

Təhsil naziri Mikayıl Cabbarov məktəblilərin sağlamlığının mühafizəsində "Olympic Moves" proqramının böyük rolu olduğunu qeyd edib. Ötən il kütləvi xarakter daşıyan proqramda Bakı şəhərindən 60 minə yaxın şagirdin iştirak etdiyini vurğulayan təhsil naziri bu il layihənin Bakı, Gəncə, Göygöl, Sumqayıt olmaqla 100 min şagirdi əhatə edəcəyini bildirib.

Mikayıl Cabbarov bildirib ki, sözügedən proqram idmanın kütləviliyini təmin etməklə təhsil sistemində ənənəvi akademik dəyərlərin təbliği ilə yanaşı, şagirdlərdə sağlam həyatın, idman rəqabətinin, komanda ruhunun aşılanmasına xidmət edir.

"Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş direktoru Erdinc Güzel isə sağlam həyat tərzinin cəmiyyətin inkişafı üçün önəmini nəzərə çatdırıb.

Tədbirdə MOK, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, "Coca-Cola" şirkəti arasında "Olympic Moves" çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumun imzalanması məktəblilər üçün münbit idman mühitinin yaradılması, "Bakı 2015" Avropa Oyunlarının idman irsini davam etdirməklə Olimpiya idman komplekslərindən, o cümlədən idman bazalarından səmərəli istifadə üçün fəaliyyətin təşkili məqsədini daşıyır.

Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola" şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə icra olunan məktəblilərin "Olympic Moves" idman proqramının əsası 2003-cü ildə qoyulub.

DİGƏR XƏBƏRLƏR

Top