"Dərman və siqaretin satışındakı problemlər dollarla bağlı deyil"

Son günlər apteklərdə bəzi dərmanlar tapılmır. Bundan əlavə, bir çox mağazalarda siqaret satılmır. Səbəb kimi siqaretin topdansatışı ilə məşğul olan firmaların satışı dayandırması qeyd edilir.

Belə bir halın şahidi olduğunu qeyd edən millət vəkili Fazil Mustafa bildirib: "Aptekə dərman almağa girirəm. Satıcı xanımlar az qala fəryad qoparırlar. Deyirlər ki, "artıq iyirmi gündür ki hec bir dərman deposu apteklərə Rusiya, Avropa istehsalı olan dərmanları vermir. Acınacaqlı durum yaranıb. İş o həddə çatıb ki, əhali bizi təhqir edir ki, niyə axtardığımız dərmanı vermirsiniz. Adi "citramon", "korvalol", "valerian", vitaminlər... Heç nə yoxdur. Xahiş edirik, bizə kömək edin!" Başqa bir neçə aptekdə də eyni fəryadı eşidirəm. Qəbulda çox sayda insanlar adi əməliyyat üçün pul tapa bilmədiklərini söyləyirlər. İcbari tibbi sığorta olmadığına görə minlərlə insan imkansızlıqdan öz müalicəsini təxirə salmalı olur. Vəziyyətin bu dərəcədə acınacaqlı olduğunu təsəvvürə gətirməzdim. Obyektiv səbəb dolların manatla mübadilə qiymətinin sabitləşməməsi ilə bağlı ola bilər. Ancaq burada inhisarçılıq amili də öz sözünü deyir. Bunun təcili bir yolu tapılmalıdır, dərman təchizatında ciddi dönüş yaradılmalıdır. İnsanların sağlamlığı ilə bağlı sahələrdə möhtəkirliyin genişlənməsinin çox faciəli nəticələri ola bilər".

Mağaza sahiblərindən biri isə bizimlə söhbətində bir çox firmaların siqaretin topdansatışını dayandırmasını belə əsaslandırıb: "Siqaretlərin nağdsız satışına keçildikdən sonra firmalar topdansatışı məhdudlaşdırıb. Amma bu vəziyyət nə qədər davam edəcək, bilmək olmur. Deyirlər ki, siqaret yoxdur".

Bəs bu vəziyyətin yaranmasına son günlər dolların ucuzlaşmasının təsiri ola bilərmi? Mövzunu "Yeniavaz.com" saytına açıqlamasında iqtisadçı Vüqar Bayramov belə şərh etdi: "Apteklərdə dərmanın satılmamasının səbəbinin dolların ucuzlaşması olduğunu söyləmək çətindir. Çünki dərmanların qiyməti tənzimlənir. Buna görə də manatın məzənnəsi möhkəmləndikdən sonra Tarif Şurası dərmanların qiymətini aşağı salmayıb. Bu isə dərmanların Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlər əsasında satılması anlamına gəlir. Düşünmürəm ki, dolların ucuzlaşması, manatın məzənnəsinin möhkəmlənməsi dərmanların satılmamasında əsas səbəbdir".

Vüqar Bayramovun sözlərinə görə, satışda siqaretin olmaması satış qaydalarının dəyişməsi ilə bağlıdır: "Qaydaların dəyişməsi siqaretlərin pərakəndə satışına təsir göstərir. Fikrimcə, bu məsələdədə dolların ucuzlaşmasının təsiri yoxdur".

Lakin Vüqar Bayramov hesab edir ki, manatın bahalaşması, dolların ucuzlaşması fonunda - növbəti mərhələdə xüsusən, idxal olunan ərzaq və geyim məhsullarının qiymətinin aşağı salınması vacibdir: "İqtisadiyyat Nazirliyi monitorinq aparmalıdır ki, manatın məzənnəsi möhkəmləndikdən sonra idxal olunan məhsulların qiymətinə necə təsir göstərir. Hələlik bu təsirləri qiymətləndirmək tezdir. Anbarlarda kifayət qədər məhsul var və gələn məhsullar da nisbətən baha qiymətə ölkəyə idxal olunur. Amma növbəti mərhələdə hökmən vacibdir ki, İqtisadiyyat Nazirliyi monitorinq apararaq, qiymətlərin tənzimlənməsini həyata keçirsin. Xüsusən, əgər xərc azalıbsa, qiymət dəyişmirsə, qiymətlərin aşağı salınması ilə bağlı monitorinqlərin aparılmasına ehtiyac var. Bir daha qeyd edirəm ki, indiki mərhələdə dərman və siqaretlərin satışındakı problemlər dolların qiyməti ilə bağlı deyil. Amma digər məhsulların satışı ilə bağlı da İqtisadiyyat Nazirliyi tərəfindən monitorinqlərin aparılmasına ehtiyac var".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top