ABŞ prezidenti Donald Tramp İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanınması təklifini dəyərləndirir. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, D. Tramp bu məqsədlə ABŞ-ın hökumət qurumlarının məsələ ilə bağlı mövqelərini öyrənir. İranın ən güclü təhlükəsizlik qüvvələri olan İnqilab Keşikçiləri Korpusu ölkənin iqtisadiyyatında çox böyük önəmə malikdir, eləcə də İranın siyasətinə xeyli təsir imkanı var.
Xatırladaq ki, ABŞ daha əvvəl İnqilab Keşikçiləri Korpusu ilə əlaqəsi olan bir çox şəxs və qurumları qara siyahıya salmışdı. ABŞ-ın Xəzinə Nazirliyi 2007-ci ildə Keşikçiləri Korpusunun xarici ölkələrdə əməliyyatlar keçirən “Qüds gücü” xüsusi təyinatlı dəstəsini terrora dəstək verməkdə ittiham etmişdi.