"Qorxudan Mübariz Həmidova baxırdılar ki, gülsək, birdən kişinin xoşuna gəlməz" - Xalq artisti

"Dünən aktyor kimi bir maraqlı müşahidənin şahidi oldum". Yeniavaz.com xəbər verir ki, bunu Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Yasin Qarayev bildirib. Y. Qarayev: "Saat 3-də "Açarını itirənlər" yubiley tamaşasının daxili baxışı idi. Salonda əsasən, texniki işçilər oturmuşdular. Mühasibatlıq, dərzilər, qrim, paltar və s. Tamaşaya teatrın müdiri Mübariz Həmidov da baxırdı. Onu da deyim ki, Mübariz müəllimlə düz 38 ildir ki, mənim normal münasibətim var. O, institutu bitirən kimi, yəni 1979-cu ildə bizim teatra gəldi və yoldaşlığımız, sonra isə dostluğumuz başladı. 2000-ci ildə - düz 11 ildən sonra onu Mədəniyyət və Turizm Nazirliyində məsul bir işə dəvət etdilər. İnsafən, mənimlə məsləhətləşdi. Mütləq getməsini söylədim. Getdi və bütün etimadları da doğrultdu. Az zaman kəsiyində hörmət-izzət sahibi oldu. 2006-cı ilə qədər orada işlədi və heç vaxt əlaqə və münasibətlərimiz kəsilmədi. 2006-cı ildə Mübariz Həmidov yenidən bizim teatra qayıtdı, amma bu dəfə müdür kimi".

Yasin Qarayev qeyd edib ki, bu gün teatrın qanunlarına çox hörmət və izzətlə yanaşıb riayət edir: "O, da mənim teatrda rəhbərlik elədiyim ictimai işə həmişə kömək və hörmətlə yanaşır. Allah şeytana lənət eləsin! Fevralın 3-də kiçik bir toplantıda, 8 fevral yubiley tamaşasından əvvəl bəyan etdiyi elanı mən qəti bəyənmədim və sadəcə olaraq, öz fikirlərimi sosial şəbəkədə işıqlandırdım. Sonradan belə məlum oldu ki, yanvar ayının maaşının vaxtı çatdığına görə həmin elanın sonraya qalması mümkün deyilmiş. Mən isə apardığım ictimai işin nizamnamə və məramnaməsinə öz narazılığımı bildirməyə bilməzdim. İndi keçək əsas məsələyə... Yaranmış vəziyyətdən tələm-tələsik, ətlə dırnaq arasına girənlər tapıldı. Hələ də orada qalıblar, iylənən kimi özləri çıxacaqlar. Son zamanlar teatrda əmələ gələn ağ, sarı, qara, boz və rəngbərəng kəpənəklər, 50 illik iş stajı olan 70 yaşlı ağsaqqalın burnuna qonub "məsləhətlər" verməyə başladılar... İndi gələk dünənki tamaşanın teatr tamaşacılarına. Tamaşa kifayət qədər maraqlı və gülməli idi. Lakin seyrçilərimizin mat-mutu qurumuşdu. Deməli, bu tamaşacılar müdirlə aramızda olan münaqişənin düşmənçilik olduğunu hesab edib, qorxudan Mübariz Həmidova baxırdılar ki, biz gülsək, birdən kişinin xoşuna gəlməz. Odur ki, Mübariz müəllim güləndə hamısı gülür, diqqətlə baxıb qeydlər aparanda "lal" olurdular. İnanın ki, baxdım-baxdım və hamısına yazığım gəldi. İstər-istəməz yadıma sovetlər dövründə çox ifa olunan "Ağlaram ağlasan, gülərəm gülsən" mahnısı düşdü".

DİGƏR XƏBƏRLƏR

Top