"Bundan sonra rəsmi Bakıya təzyiqlər artacaq" - politoloq

Xəbər verdiyimiz kimi, bloger Aleksandr Lapşin Belarusdan Azərbaycana ekstradisiya edilib. Yeniavaz.com xəbər verir ki, politoloq Elxan Şahinoğlu Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasını ölkəmizin uğuru adlandırıb: "Həm Azərbaycan hakimiyyəti, həm də ilk növbədə Belarus prezidenti Aleksandr Lukaşenko prinsipiallıq nümayiş etdirdilər. Belarus prezidentinə xüsusi təşəkkür düşür, sağ olsun, Azərbaycanın maraqlarını Rusiya və Ermənistanın müxtəlif istiqamətlərindən yönələn təzyiqlərinə qurban vermədi. Aydındır ki, bundan sonra rəsmi Bakıya təzyiqlər artacaq. Ancaq vacibdir ki, hakimiyyət bu təzyiqlərə baş əyməsin, Lapşinin məhkəməsini keçirsin və o cəzasının önəmli hissəsini həbsxanamızda keçirsin. Qoy bu Azərbaycan qanunlarını pozan başqa xarici vətəndaşlara da dərs olsun".

Politoloq bildirib ki, Dağlıq Qarabağda iki azərbaycanlı girovun geri qaytarılması üçün müraciət etmədiyimiz ünvan (Rusiya, ATƏT, Beynəlxalq Qırmızı Xaç Təşkilatı və s.) qalmadı, ancaq İrəvan geri addım atmır, Moskva isə buna görə vassalına güldən ağır söz demir: "Belə isə biz niyə Moskvanın istəyi ilə Lapşini vaxtından əvvəl həbsdən azad etməliyik? Yox əgər Rusiya Lapşini Dağlıq Qarabağda saxlanılan iki girovumuza dəyişmək istəyərsə, bu başqa məsələ. Ancaq bu olmadan Lapşin Dağlıq Qarabağdakı girovlarımız kimi həbsxanada yatmalıdır. Şübhə etmirəm ki, Rusiya Azərbaycan hakimiyyətindəki "5-ci kolonunu" da hərəkətə gətirməyə çalışacaq. Ümid edirəm ki, dövlət başçısı Prezident Administrasiyasındakı və Nazirlər Kabinetindəki rus buyruqçularını da yerində oturdacaq".

Qeyd edək ki, ikili vətəndaşlığı (İsrail və Rusiya) olan A. Lapşin dekabrın 14-də Belarusda Azərbaycan tərəfinin tələbi ilə saxlanılıb. O, təxminən bir aydır Minskdə 1 nömrəli istintaq təcridxanasında saxlanılırdı. Belarus Ali Məhkəməsi bu gün blogerin Azərbaycana ekstradisiyasına dair qərarından verdiyi şikayəti təmin etməyib.

Xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

DİGƏR XƏBƏRLƏR

Top