Rusiya “Admiral Kuznetsov” aviadaşıyıcı kreyserinin və onu müşayiət edən gəmilərin Suriyada hərbi yürüşünə 7,5-10 milyard rubl xərcləyib. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, iki göyərtə qırıcısının qəzaya uğraması büdcəyə daha çox baha başa gəlib. Gəmilərin Suriyada keçirdiyi əməliyyatın ümumi dəyərinə qida (306,4-325,5 milyon rubl), yanacaq (1,1-1,5 milyard rubl), hərbi uçuşlara (1,47 milyard rubl) çəkilən xərclər, itirilmiş hərbi maşınların dəyəri (4,5-6,7 milyard rubl) və “döyüş” əlavələri (38,3 milyon rubl) daxildir. Hərbi yürüşün real dəyəri daha çox ola bilər, çünki əməliyyat zamanı sualtı donanmanın və gəmi qrupunun silahlanması barədə məlumatlar hərbi qurum tərəfindən dərc edilməyib. Şimal donanmasının gəmi qrupunun yürüşü 2016-cı il oktyabrın 15-də başlayıb. Yürüşə “Admiral Kuznetsov”, “Pyotr Velikiy” ağır atom raket kreyseri, “Severomorsk” və “Vitse-admiral Kulakov” qayıq əleyhinə gəmilər, eləcə də təminat gəmiləri – tankerlər, yedək gəmilər və s. daxil olub. Kreyser bu il fevralın əvvəlində Severomorska qayıdacaq. Rusiyanın Suriyadakı qoşun qruplaşmalarının komandiri, general-polkovnik Andrey Kartapolov bildirib ki, Rusiyanın dəniz aviasiyasının pilotları Suriyada əməliyyyat zamanı 420 hərbi uçuş həyata keçiriblər. Ekspertlər bildiriblər ki, göyərtə aviasiyasının 420 hərbi uçuşunun dəyəri təqribən 1,5 milyard rubl təşkil edir – hər uçuşa görə 3,5 milyon rubl. Suriyaya yürüş zamanı “MiQ-29K” və “Su-33” qırıcıları qəzaya uğrayıb. Bu qəzalar Rusiya büdcəsinə 70-103,4 milyon dollar dəyərində ziyan vurub.