Şəffaflıq hamımızın xeyirinədir

Artıq respublikamızın ali təhsil müəssisələrində payız imtahan sessiyası yekunlaşıb. Leksik mənası "hər hansı bir fənn üzrə keçirilən yoxlama sınağı" olan imtahan təkcə tələbələr üçün deyil, imtahan komissiyası, müəllimlər və valideynlər üçün də məsuliyyət deməkdir. İmtahan prosesində təkcə tələbələrin elmi hazırlığı deyil, onlara dərs deyən müəllimlərin professionallığı, öz işlərinə peşə və vətəndaş borcu baxımından yanaşmaları, bu mühüm məsələnin valideynlərə, ictimaiyyətə təsiri də yoxlanılır.

Çalışdığım Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında kafedralar üzrə payız sessiyasına ciddi hazırlıq işləri aparıldı. İmtahan biletlərinin hazırlanması, tələbələrin elmi və psixoloji cəhətdən imtahanlara hazırlaşması üçün fənn müəllimlərinə müvafiq məsləhət və tapşırıqlar verildi. Filailın direktoru, iqtisad elmləri doktoru, professor Əli Allahverdiyev imtahanların sözdə deyil, əməldə son dərəcə obyektiv, ədalətli və şəffaf keçirilməsinin vacibliyini vurğulayaraq, bu işi hər kəsin vicdan borcu və dövlətimiz qarşısında vəzifəsi elan etdi. Direktor yalnız bir istəyinin olduğunu bildirdi: - O da gələcək müəllimlərin yüksək səviyyədə savadlı olması. Yüksək səviyyəli şəxsiyyəti anacq kamil mütəxəssislər yetişdirə bilər. Özümüzn, ölkəmizin gələcəyinin parlaq olmasında müəllimlərin rolu danılmazdır. Bizləri yetişdirən pedaqoqları hamımız yaxşı xatırlayırıq. Bu günümüzə görə onlara minnətdarıq. Biz də elə kadrlar yetişdirməliyik ki, məktəblərimiz kamil pedaqoji potensialdan bəhrələnib, təlim-tərbiyə sahəsində yüksək nailiyyətlər qazana bilsinlər. Bu, zəncirvari bir prosesdir. Həyat, qlobal tərəqqi müəllimdən yalnız fənnini yaxşı tədris etməyi deyil, həm də onun düzlük, doğruuq, halallıq nümunəsi olmasını tələb edir.

Direktor açıqca bildirdi ki, yoldaşlığın, tanışlığın, qohumluğun nə olduğunu hamınız kimi, mən də bilirəm, başa düşürəm. Hörməti evinizdə, süfrənizdə etməyə çalışın. Sizi başa düşənləri alqışlayın, küsüb-inciyənləri də buraxın zamanın ixtiyarına. Vaxt gələcək sizə təşəkkür edəcəklər.

Semestrdən əvvəl tələbələrlə görüşən direktor imtahanlara ciddi hazırlaşmalarını tövsiyə etdi və bildirdi ki, hər bir tələbənin hüququ yüksək səviyyədə qorunacaq, imtahan prosesinə, komissiya üzvlərinin fəaliyyətinə bütün auditoriyalarda qurulmuş kameralar vasitəsi ilə nəzarət olunacaq. Semestr boyunca münaqişə komissiyası fəaliyyət göstərəcək, bundan əlavə haqqı tapdanan istənilən tələbəni qəbul edib dinləməyə hər zaman hazıram.

***

Universitetin pedaqoji kollektivi semestr ərzində direktorun müəyyənləşdirdiyi istiqamətlərə əsasən fəaliyyət göstərdi. Müəyyən olunmuş imtahan günlərində də direktor imtahandan əvvəl yuxarıda sadalanan fikirləri nəzərə çatdıraraq müəllim və koordinatorlara uğur diləyirdi. Aşkar olunmuş ən xırda hallar ciddi araşdırılırdı. Direktor auditoriyalara baş çəkərək hər hansı neqativ halın olub-olmadığını, imtahanların gedişatı haqqında tələbələrin fikirlərini soruşur, onlara uğurlar diləyir, qiymətləndirmə işinə ciddi nəzarət edirdi.

***

Valideynlər üçün yaradılmış "Açıq qapı", onların bilavasitə imtahanlarda iştirak etməsi və rəylərinin öyrənilməsi də imtahanların yüksək səviyyədə aparılmasına çox kömək etdi. İmtahan sessiyasının yekunları nəinki universitetimizdə, hətta rayon, bütövlükdə şimal zonası ictimaiyyəti tərəfindən təqdir olundu. Semestr bir daha göstərdi ki, şəffaflıq hamımızın xeyirinədir. Tələbələrdə təhsilə, elmə şüurlu münasibəti daha da dərinləşdirmək üçün kollektivimiz bundan sonra da belə çalışmaq əzmindədir.

Rahib Sədullayev, ADPU-nun Quba filialı ədəbiyyat və dillər kafedrasının ingilis dili müəllimi, Qabaqcıl təhsil işçisi

DİGƏR XƏBƏRLƏR

Top