Hər mənzərə "Məni də çək" deyir"

Bu günlərdə "Gallery 1969" salonunda istedadlı gənc rəssam Nərmin Sadıqovanın "Momentaus" adlı fərdi sərgisi açılmışdı. Sərgidə müxtəlif janrlı 50-ə yaxın rəsm nümayiş olunurdu. Rəssamin sayca bu üçüncü sərgisində həyatsevərlik, insansevərlik və vətənpərvərlik hissləri xüsusilə diqqəti cəlb edirdi. Onu da qeyd edək ki, onun əsərləri həm məna və məzmun mükəmməlliyi, həm gözəllik duyğusu, həm də işıqlı rənglərin çoxluğu ilə tamaşaçını ovsunlayırdı. Şübhəsiz ki, janr müxtəlifliyi, işlənmə texnikası baxımından maraq doğuran rəsmlər rəssamın gərgin axtarışlarının, əməyinin bəhrəsinin nəticəsi idi. Elə buna görə də Xalq rəssamları - Səlhab Məmmədov, Ağaəli İbrahimov gənc rəssamın yaradıçılığını yüksək qiymətləndirdilər.

"Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev isə bizimlə söhbətində dedi: "Gənc rəssam Nərmin Sadiqovanin sərgisi məni bir anlıq xəyala apardı. Belə ki, 2012-ci ilin may-iyun aylarında İtaliyanin paytaxtı Roma şəhərində Azərbaycanın gənc rəssamlarının sərgisini təşkil etmişdim və Nərmin Sadiqova da həmin tədbirin iştirakçısı idi. Sözün düzü, hələ o zaman mən qısa müddətdə Nərmin Sadiqovanin yaradıcılığında ciddi dəyişikliklərin olacağına inanırdım. Sərgidəki əsərlərə baxandan sonra qənaətimdən yanılmadığıma görə çox sevindim. Onun tablolarında mövzuya fəlsəfi yanaşma, hisslərin rənglərlə ifadəsi olduqca gözəl alınıb. Bəli, Nərmin xanım artıq özünü bir rəssam kimi təsdiq edib".

Gənc rəssam isə haqqında deyilənlərin onu daha gözəl əsərlər çəkməyə sövq etdiyini bildirməklə yanaşı, yaradıçılığından da söz açdı. Dedi ki, təbiətimiz o qədər zəngin ki, onları tabloya köçürməmək mümkün deyil: "Elə bil hər mənzərə mənə "Məni də çək" deyir". Yeri gəlmişkən, Bakını da çox sevirəm. Bu qədim şəhər də mənim sənət aləmimin ana xətlərindən birini təşkil edir".

Onu da qeyd edək ki, rəssamlıq Nərmin xanımın ikinci ixtisasıdır. Bu barədə söz düşəndə isə o belə deyir: "Rənglər aləmi məni elə ovsunladı ki, sonda ona təslim olmalı oldum". Ümid edirik ki o öz əsərləri ilə sənətsevərləri hələ çox sevindirəcək.

Məlumat üçün bildirək ki, Nərmin Nizami qızı Sadıqova 1985-ci ildə anadan olub. 2005-ci ildə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsini bitirib. Hazırda Azərbaycan Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsində təhsil alır. 2012-ci ildə "Four Season" otelində "Bir körpənin həyatına rəng qataq" adlı ilk fərdi xeyriyyə sərgisi baş tutub. Həmin tədbirdə 20-yə yaxın əsəri satılıb. Əldə olunan gəlir ürək çatışmazlığından əziyyət çəkən Nilufər Qurbanovanın müalicəsinə sərf olunub. Daha sonra o, "Bakının işıqları" adlı sərgidə iştirak edərək, qaliblərdən biri olub.

2014-cü ildə "Gallery 1969" sərgi salonunda "Səs" adlı ikinci fərdi sərgisi keçirilib. Nərmin Sadıqova həmçinin "Bakı Avropa oyunları", "Xəmsə" Dekorativ Tətbiqi Sənət Festivalı, "Start" və başqa sərgilərin iştirakçısı olub. Qeyd edək ki, N.Sadıqovanın əsərləri İtaliyada, Latviyada və digər ölkələrdə keçirilən sərgilərdə də nümayiş etdirilib.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top