Belarus Ali Məhkəməsi Rusiya və İsrail vətəndaşı Aleksandr Lapşinin cinayət təhqiqatı üçün Azərbaycana təhvil verilməsi barədə qərarın qanuni olduğunu təsdiq edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, Belarus Baş Prokuorluğunun rəsmi nümayəndəsi Pyotr Kiselyov bildirib ki, Ali Məhkəmənin hökmündən sonra ekstradisiya haqqında qərar qüvvəyə minir və daxili işlər orqanları tərəfindən icra edilməlidir. Onun sözlərinə görə, ekstradisiyasını gözləyən A. Lapşin isə hələ Azərbaycana təhvil verilməyəcək, çünki onun həyat yoldaşı A. Lapşinə əlavə müdafiə haqqı verilməsi xahişi ilə Belarus hakimiyyətinə müraciət edib. Belarus qanunvericiliyinə əsasən, əlavə müdafiə respublika ərazisində olan və qaçqın statusu verilməsi üçün əsasın olmadığı, bununla belə vətənə qayıdarkən ölüm hökmü, işgəncə və digər kobud, qeyri-insani və təhqiredici münasibət və cəzalarla üzləşmək təhlükəsinin olduğu xarici vətəndaşa verilir.
Xatırladaq ki, A. Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və Lapşin beynəlxalq axtarışa verilib. Belarus Baş Prokurorluğu onun Azərbaycana təhvil verilmsi barədə qərar çıxarıb.