"Şadam ki, Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqlara başlayırıq"

"Çox şadam ki, sabah biz Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlara başlayırıq".

Bunu Azərbaycan prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Aİ-Azərbaycan əlaqələri çox məhsuldardır və yüksək səviyyədədir: “Əməkdaşlığımızı genişləndirmək üçün böyük potensial var. Aramızda çox aktiv siyasi dialoq mövcuddur, mütəmadi görüşlər keçirmişik. Ölkəmizdə siyasi məsələlər və siyasi islahatlarla bağlı müzakirələr aparırıq. Azərbaycanda demokratik islahatların inkişafına sadiqik”.

Dövlət başçısı Azərbaycanın Aİ ilə birlikdə Cənubi Qaz Dəhlizi layihəsində aktiv iştirak etdiyini qeyd edib. “Bu, ən böyük enerji layihələrdən biridir, dəyəri 40 milyard dollardır. Bu, enerji təhlükəsizliyi və enerji diversifikasiyası layihəsidir. Bu, nəinki dəhlizlərin, həm də mənbələrin diversifikasiyası deməkdir. Cənub Qaz Dəhlizi layihəsinin icrası müvəffəqiyyətlə davam edir. Avropa əsas investorumuzdur və əsas ticarət tərəfdaşımızdır. Biz Avropada bəzi ölkələri neftlə təmin edirik. Ümid edirik ki, tezliklə qazla da təmin edəcəyik".

“Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyirik”

“Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır”.

Bu sözləri isə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

D. Tusk bildirib ki, Brüsseldə Azərbaycan prezidenti ilə məhsuldar görüş olub: “Biz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və tədarükün diversifikasiyasında vacib ölkədir. Biz Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması ilə bağlı eyni maraqları bölüşürük. Bu, hər iki tərəf üçün əsas prioritetdir. Avropa İttifaqı hələ də Azərbaycanın əsas ticarət tərəfdaşı və aparıcı investorlarından biridir. Biz kommersiya əlaqələrini inkişaf etdirmək niyyətindəyik”.

DİGƏR XƏBƏRLƏR

Top