“Ötən il “Azəri-Çıraq-Günəşli” layihəsi üçün çox uğurlu il olub”

“Ötən il Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üçün çox uğurlu il olub”.Bunu jurnalistlərə açıqlamasında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirib. “İlk olaraq əməyin təhlükəsizliyini qeyd etmək istəyirəm. Bu baxımdan 2016-cı il AÇG üçün son dərəcə uğurlu il olub. Yüksək səviyyədə əməyin təhlükəsizliyi nailiyyətləri əldə olunub. AÇG-də əldə etdiyimiz göstəricilər BP-nin dünya üzrə göstəricilərinin ən yüksəklərindən biridir”, - deyə o, qeyd edib.

Q.Birrellin sözlərinə görə, 2016-cı il ətraf mühitin qorunması baxımından da uğurlu keçib və 2015-ci ildəki vəziyyəti üstələyib: "Burada əsasən məşəldə yandırılan qaz nəzərdə tutulur. Ötən ilin onun həcmi xeyli azaldılıb”.

Q.Birrell yataqlar blokunda hasilat baxımından da ötən ili uğurlu adlandırıb. O deyib ki, hasilatın həcminin mümkün qədər sabit saxlanılmasına çalışılıb. Onun sözlərinə görə, 2016-cı ildə laylara daha çox səmt qazı vurulub ki, təzyiq saxlanılsın: “Laylara vurulan səmt qazının həcmi artırıldığından təzyiqi saxlamağa nail olmuşuq və hasilat da uğurlu olub. Tezliklə ötən ilin hasilat göstəriciləri açıqlanacaq. 2016-cı il gözlədiyimizdən də uğurlu il olub”.

Q.Birrell bu ilin planına nail olmaq üçün bir sıra işlər görüldüyünü vurğulayıb. O qeyd edib ki, bu il AÇG-də ötən ilki qədər yeni quyular qazılacaq. “AÇG-nin laylarında ildən-ildən yeni quyular qazmaq çətinləşir, çünki yeni quyuları platformalardan xeyli kənara çıxmaqla qazırıq. Belə quyuların qazılması çətindir, ona görə də bu il daha çox işləməliyik və yeni texnologiyalar tətbiq etməliyik”- BP rəsmisi vurğulayıb. report

DİGƏR XƏBƏRLƏR

Top