Astanada Suriya ilə bağlı yeni danışıqlar başlayıb

Qazaxıstanın paytaxtı Astanada Rusiya, Türkiyə və İran ekspertlərinin iştirakı ilə Suriya üzrə danışıqların növbəti mərhələsi keçirilir. Müzakirələrdə həmçinin BMT və İordaniyadan olan ekspertlər də iştirak edirlər. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, danışıqlardan məqsəd Suriyada atəşkəsi nəzarət mexanizmi və digər məsələləri müzakirə etməkdir. Müzakirələr zamanı həmçinin humanitar problemlərin həlli, müxalifət və Suriya iqtidarı arasında qarşılıqlı etimada nail olunması yolları barədə fikir mübadiləsi ediləcək. Öz növbəsində Qazaxıstan Xarici işlər naziri Kayrat Abdurəhmanov danışıqların növbəti mərhələsinin daha çox texniki xarakter daşıdığını söyləyib. Onun sözlərinə görə, danışıqların bu mərhələsi Suriya probleminə həlli və atəşkəsin əldə edilməsi ilə bağlı bu ilin yanvar ayının 23-24-də Astanada baş tutan prosesin davamıdır. Xatırladaq ki, yanvar ayının 23-24-də Astanada Suriya üzrə Türkiyə, İran, Rusiya, həmçinin Suriya iqtidarının və müxalifət nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə ilk dəfə Qərb dövlətlərinin iştirakı olmadan problemin həlli və atəşkəsə nail olunması yolları müzakirə edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top