İran ABŞ idmançılarını Azərbaycanın da qatılacağı yarışa buraxacaq

İranın Kirmanşah şəhərində keçiriləcək sərbəst güləş üzrə dünya kubokunda iştirak edəcək amerikalı idmançılara qarşı tətbiq edilən viza qadağası aradan qaldırılıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə,bunu İran Xarici İşlər Nazirliyinin sözcüsü Behram Qasımi deyib. Onun sözlərinə görə, ABŞ Federal məhkəməsi İran vətəndaşlarının Birləşmiş Ştatlara girişini qadağan edən fərmanın icrasını dayandırdığına görə, eləcə də İran Güləş Federasiyası və Beynəlxalq Güləş Federasiyasının tələbləri nəzərə alınaraq amerikalı idmançılara yarışlarda iştirak üçün viza verilməsi məqbul sayılıb. Fevralın 16-17-də Kirnmanşahda keçiriləcək dünya kubokuna ABŞ və İranla yanaşı, Türkiyə, Rusiya, Azərbaycan, Hindistan, Gürcüstan və Monqolustan milliləri də qatılacaq.

Xatırladaq ki, İran hakimiyyəti ABŞ prezidenti Donald Trampın aralarında İranın da olduğu 7 ölkənin vətəndaşlarının Birləşmiş Ştatlarına girişini 90 gün müddətinə qadağan edən fərmanına etiraz olaraq amerikalı idmançıların dünya kubokuna qatılmasına icazə verməyəcəyini bəyan etmişdi.

Qeyd edək ki, D. Tramp yanvarın 27-də miqrasiya siyasətinin sərtləşdirilməsinə dair bir neçə sənəd imzalamışdı. Onlardan biri 7 müsəlman ölkəsindən – İran, İraq, Yəmən, Liviya, Suriya, Somali, Sudan - olan qaçqınların ABŞ-da yerləşdirilməsi proqramının 120 gün müddətinə dayandırılmasını nəzərdə tutur. D. Tramp, həmçinin İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkə ərazisinə buraxılmamasına dair fərman imzalayıb.

Bundan sonra Sietl federal məhkəməsi ABŞ administrasiyasına D. Trampın imzaladığı miqrasiya məhduyyətləri haqqında fərmanın icrasını qismən dayandırmaq tapşırığı verib. Ceyms Robart adlı hakimin tapşırığı fərmanın bütün ölkə üzrə fəaliyyətini dayandırır. Onun fərmanın icrasının müvəqqəti dayandırılmasına tətbiq etdiyi qadağa məhkəmənin Vaşinqton ştatının baş prokuroru Bob Ferqyusonun D. Trampın məlum fərmanlarının müddəalarının ləğvinə yönəlmiş iddiasına hələ ki baxdığı müddətdə keçərlidir.

Fevralın 5-də isə ABŞ-ın Apellyasiya məhkəməsi ölkənin Ədliyyə Nazirliyinin D.Trampın miqrasiya fərmanının dayandırılması haqqında məhkəmə qərarının ləğv edilməsi haqqında sorğusunu geri çevirib.

DİGƏR XƏBƏRLƏR

Top