Azərbaycanla qaz razılaşmaları dostluq münasibətlərinin nəticəsidir – Kobaxidze


Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla qaz təchizatının həcmi və qiymətləri ilə bağlı əldə olunan razılaşmaların iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin nəticəsi olduğunu bildirib.
Yeniavaz.com
“Open Air”ə istinadən xəbər verir ki, baş nazir Gürcüstanın digər dövlətlərlə münasibətlərində milli maraqlarını əsas götürdüyünü və heç bir ölkənin hakimiyyətə təzyiq göstərməsinə imkan verməyəcəklərini bildirib.
“İnanın mənə, Türkiyədən və ya Rusiyadan heç kim Gürcüstan hakimiyyətini danlamır. Biz heç kimin bunu etməsinə icazə verməyəcəyik”, – deyə Kobaxidze bildirib.
Onun sözlərinə görə, Gürcüstan iqtisadi vəziyyətindən və ərazisinin böyüklüyündən asılı olmayaraq, digər ölkələrin təkəbbürlü münasibətini qəbul etmir. Baş nazir vurğulayıb ki, məhz dostluq münasibətləri sayəsində Tbilisi qaz təchizatı da daxil olmaqla, iqtisadi təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyan razılaşmalar əldə edə bilir.
Rusiya ilə münasibətlərə toxunan Kobaxidze bildirib ki, Gürcüstan hakimiyyəti bəyan etdiyi prinsipial mövqedən geri çəkilməyib. O, buna nümunə olaraq Gürcüstan şərab şirkətlərinin müvafiq siyahıya daxil edilməsi məsələsində Tbilisinin mövqeyini göstərib.
Baş nazirin sözlərinə görə, Gürcüstanın milli maraqları tələb etdiyi bütün hallarda ölkə hakimiyyəti prinsipial mövqe nümayiş etdirir.

DİGƏR XƏBƏRLƏR

Top