
Bakı-Qars küçəsinin hər iki tərəfində yerləşən qeyri-yaşayış obyektlərinin üzərinə nömrələr yazılıb.
Yeniavaz.com xəbər verir ki, söhbət paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində, keçmiş Abay Kunanbayev küçəsində yerləşən obyektlərdən gedir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, obyektlərə nömrələrin vurulması yol tikintisi layihəsinin ilkin mərhələsidir. Layihə çərçivəsində yaşayış komplekslərindən birinin Bakı-Qars küçəsi ilə əlaqələndirilməsi üçün avtomobil və piyada tunellərinin inşası nəzərdə tutulur.
Agentliyin açıqlamasına görə, təsdiq edilmiş layihəyə uyğun olaraq, tikinti üçün ayrılan yol zolağının sərhədləri müəyyənləşdirilir və həmin əraziyə düşən hər bir obyektə fərdi inventar nömrəsi verilir.
Növbəti mərhələdə obyektlərin daxili və xarici ölçüləri götürülür, kadastr və qiymətləndirmə məlumatları müvafiq inventar nömrələri üzrə sistemləşdirilir.
Obyektlərin satın alınması, kompensasiyaların ödənilməsi və söküntü ilə bağlı məsələlərin rəsmiləşdirilməsi isə layihənin sonrakı mərhələlərində həyata keçiriləcək.
Daha ətraflı “Xəzər TV”nin videomaterialında:
Tətbiqimizi yükləyə bilərsiniz