
Alimlərin beynəlxalq qrupu 1,4 milyondan çox insanın genetik məlumatlarını təhlil edərək, yetkin insanın boyu ilə əlaqəli 207 gen müəyyən edib.
Yeniavaz.com xəbər verir ki, araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.
Bildirilib ki, bəzi nadir genetik variantlar insanın boyuna geniş yayılmış variantlardan daha güclü təsir göstərir. Bu, genetik məlumatlar əsasında proqnozlaşdırılan boy ilə insanın real boyu arasında bəzən ciddi fərqlərin yaranmasını izah etməyə kömək edir.
Regeneron Genetika Mərkəzinin rəhbərlik etdiyi tədqiqatçılar 12 araşdırma qrupundan 1 450 633 nəfərin məlumatlarını təhlil edərək, zülalların strukturunu dəyişdirən və ya onların fəaliyyətini pozan genetik variantları araşdırıblar.
Müəyyən edilmiş 207 gendən 115-i əvvəllər bu miqyasda aparılmış oxşar tədqiqatlarda aşkarlanmayıb. Xüsusilə 17 genin nadir variantları boy üzərində güclü təsir göstərib. İlkin analizdə cəmi bir dəfə rast gəlinən belə variantların hər biri boyda orta hesabla 8,92 sm dəyişikliklə əlaqələndirilib. Bu, geniş yayılmış genetik variantların orta təsirindən (0,17 sm) təxminən 52 dəfə çoxdur.
Təsirin gücü genə görə dəyişib. Məsələn, ACAN geninin variantları boyun 16,6 sm azalması, FBN1 geninin variantları isə 11,1 sm artması ilə əlaqələndirilib. Sümük inkişafı pozuntusu olan axondroplaziya ilə əlaqəli FGFR3 geninin variantlarından biri boyun təxminən 30 sm azalmasına səbəb olub.
Alimlər həmçinin skelet inkişafı ilə bağlı məlum sindromlarla əlaqələndirilməyən, lakin boy fərqlərinə əhəmiyyətli təsir göstərən genlər aşkar ediblər. Nəticələr insulinəbənzər böyümə faktoru siqnal yolları və hüceyrələri əhatə edərək toxumalara dayaq verən hüceyrəxarici matriksin quruluşu kimi bioloji mexanizmlərin rolunu da genişləndirib.
Nadir genetik variantlar iştirakçıların boy fərqlərinin təxminən 4%-ni izah edib. Lakin bəzi fərdlərdə bu variantların təsiri daha böyük olub. Belə şəxslərin real boyu genetik proqnozdan 17-20 sm və ya daha çox fərqlənib.
Nadir variantların nəzərə alınması fərdi boy proqnozlarının dəqiqliyini artırıb. Bu yaxşılaşma xüsusilə boy üzərində güclü təsir göstərən genetik variantların daşıyıcılarında müşahidə olunub. Təhlillərdən birində FGFR3 geninin konkret variantının nəzərə alınması altı nəfər üçün boy proqnozunun dəqiqliyini orta hesabla 26,1 sm artırıb.
Tədqiqat iştirakçılarının təxminən 78%-i Avropa mənşəli olub. Müxtəlif genetik mənşəli qruplar arasında variantların təsir gücündə statistik əhəmiyyətli fərq aşkarlanmayıb. Bununla belə, alimlər variantların yayılma tezliyinin və tədqiq olunan qrupların sayının nəticələrə təsir edə biləcəyini qeyd ediblər.
Müəlliflər gələcək genetik araşdırmalarda müxtəlif etnik və genetik mənşəli əhali qruplarının daha geniş təmsil olunmasının vacibliyini vurğulayıblar.
Tətbiqimizi yükləyə bilərsiniz