
(Həyat dərsi)
Bir xəstəxananın cərrahiyyə şöbəsində orta yaşlı iki həkim işləyirdi. Yaşadıqları şəhər sənaye şəhəri olduğu üçün onlara müraciət edənlər daha çox yaralılar idi.
Bir il sonra bu xəstəxanaya yeni bir həkim gəldi. Yeni həkim öz işini yaxşı bilirdi. Üstəlik, heç şikayət də etmirdi. Ona görə də, köhnə həkimlər ağır xəstələri ona verirdilər. Özləri isə mümkün qədər yüngül xəstələrlə məşğul olurdular. Təbii ki, bu xəstələrlə məşğul olmaq yeni həkimi əldən salırdı. Ancaq qəlbindəki insan sevgisi hər şeydən üstün idi. Və aradan heç bir il keçmədi ki, yeni həkim bütün şəhərdə məşhur oldu.
Yeni həkimi yaxından tanıyanlar bu yükə necə dözdüyünə heyrət edirdilər. Ancaq onları ən çox heyrətləndirən isə həkimin üzündən əskik olmayan təbəssüm idi. Ən ağır xəstələr belə bu təbəssümlə güc tapır və qısa bir vaxtda ayağa qalxırdılar.
Yeni həkimə olan bu rəğbət köhnə həkimlərin də diqqətindən yayınmamışdı. Onlar üçün belə vəziyyətdə gülmək, sadəcə olaraq, qeyri-mümkün idi. Hətta bu vəziyyətdə ayaq üstə dayanmağı belə qeyri-adi bir şey saymaq olardı.
Bir gün hər ikisi onun yanına getdilər və bu işin sirrini öyrənmək istədiklərini dedilər. Və yeni həkim hər şeyi bir-bir danışdı...
Əslində, köhnə həkimlər haqlı idilər. Çünki o da gülməyi çoxdan unutmuşdu. Üstəlik, bu hadisə elə o, xəstəxanaya gəldiyi ilk gündən baş vermişdi. Ancaq yenə də eyni gülərüzlülüyü ilə:
- Xəstələrin bu təbəssümə nə qədər ehtiyacı olduğunu yaxşı bilirdim. Ona görə də, elə ilk gündən dodağımın kənarlarını plastik əməliyyat etdirdim, - dedi.
Tətbiqimizi yükləyə bilərsiniz