
UEFA Avropa Liqasında “Beşiktaş” və “Hapoel” (2-1) arasında keçirilən oyunlarda baş verən iğtişaşlarla bağlı hadisələri araşdırmaq üçün etika və intizam müfəttişləri təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında öz əksini tapıb.
“UEFA Avropa Liqası oyunları zamanı stadionda azarkeşlərlə toqquşmalar da daxil olmaqla, ciddi zorakılıq və iğtişaş hadisələrini qətiyyətlə pisləyir”, - UEFA qeyd edib.
Təşkilat futbolda zorakılıq, təcavüz, nifrət və hər hansı təxribatçı, irqçi və ya ekstremist davranışın qəbuledilməz olduğunu bildirib.
UEFA həmçinin hadisələrlə bağlı intizam araşdırmaları aparmaq və müvafiq faktları qaydalara uyğun olaraq müəyyən etmək üçün bütün mövcud dəlilləri araşdırmaq məqsədilə etika və intizam müfəttişləri təyin olunduğunu əlavə edib.
Qeyd edək ki, ötən gün Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş” – “Hapoel” matçının birinci hissəsinin ortalarında stadionun təhlükəsizlik xidməti “Beşiktaş” azarkeşindən Fələstin bayrağını müsadirə etməyə çalışmış, digər türk azarkeşlərinin onu müdafiə etməyə başlaması ilə kütləvi dava baş vermiş və polis gözyaşardıcı qazdan istifadə etmişdi. Oyun təxminən 40 dəqiqə dayandırıldıqdan sonra davam etdirilmiş, qarşılaşma Türkiyə komandasının qələbəsi ilə başa çatmışdı - 2:1.
Tətbiqimizi yükləyə bilərsiniz