“Qreçka”nın qiyməti kəskin bahalaşa bilər – Səbəb


Rusiyada qarabaşaq yarmasının (“qreçka”) topdansatış qiymətləri son bir ildə təxminən iki dəfə bahalaşıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın “ProZerno” analitik mərkəzinin məlumatlarında bildirilir.
Məlumata görə, noyabrın 20-ə olan vəziyyətə əsasən, bir ton birinci dərəcəli qarabaşaq yarmasının topdansatış qiyməti 60 min 300 rubla (734 dollar) çatıb. Halbuki ötən ilin eyni dövründə bu göstərici 33 min 314 rubl (406 dollar) təşkil edib.
Son bir aydan bir qədər artıq müddətdə qarabaşaq yarması 30 faiz və ya ton başına 14 min rubl (170 dollar), iyul ayı ilə müqayisədə isə 70 faiz və ya 35 min rubl (426 dollar) bahalaşıb.
“Zerno Online” nəşrinin məlumatına görə, Rusiyada 2025-ci ildə 926 min ton qarabaşaq istehsal edildiyi halda, cari ildə bu göstəricinin 728-841 min ton arasında olacağı proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, iki il əvvəl ölkədə 1,2 milyon ton, 2023-cü ildə isə 1,47 milyon ton qarabaşaq yığılıb.
Beləliklə, son illərdə qarabaşaq istehsalı təxminən 40 faiz azalıb.
Qeyd olunur ki, Rusiyada qarabaşaq istehsalının təxminən yarısı bu il yay quraqlığından ciddi zərər çəkən Altay diyarının payına düşür.
Bu il Rusiyada cəmi 682,9 min hektar sahədə qarabaşaq əkilib. Bu, 1990-cı ildən bəri qeydə alınan ən aşağı göstəricidir.
İstehsalın azalması artıq pərakəndə satış qiymətlərinə də təsir göstərib. “AB-Center”in məlumatına görə, noyabrın 16-a Rusiyada bir kiloqram qarabaşaq yarmasının orta pərakəndə satış qiyməti 94,09 rubl (1,15 dollar) təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur.
Rusiyanın illik qarabaşaq tələbatı 850-900 min ton civarındadır. Bunun təxminən 400 min tonu daxili istehlakın payına düşür.
Bildirilir ki, bu il üçün təxmin edilən 800 min tonluq məhsul ölkənin ümumi tələbatını tam qarşılamaq üçün kifayət etməyə bilər.
Ekspertlər istehlakçılar üçün birbaşa qarabaşaq qıtlığı yaranacağını gözləmir. Əsas problem məhsulun ehtiyatlarının azalması olacaq. Bu isə bazarda qiymətlərin sabitləşməsini çətinləşdirə bilər.
Kənd Təsərrüfatı Bazarı Araşdırmaları İnstitutunun məlumatına görə, bu il aprelin 1-ə Rusiyanın tədarük və emal müəssisələrində 169 min ton qarabaşaq ehtiyatı olub.
Məlumat üçün onu da bildirək ki, Azərbaycan da qarabaşağı əsasən Rusiyadan idxal edir. Bu ilin ilk 9 ayında Azərbaycana gətirilən qarabaşağın 100 faziə yaxını Rusiyadan idxal olunub. 9 ay ərzində Rusiyadan Azərbaycana 10 min 219,9 ton qarabaşaq gətirilib və bir tonun orta gömürk dəyəri 520 dollar (kiloqramı 52 sent) olub.
Açıqlanan məlumatlardan belə görünür ki, Azərbaycan Rusiyadan qarabaşaq idxalını davam etdirərsə, növbəti aylarda qiymətlər kəskin şəkildə arta bilər.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top