Gürcüstanda 16 “Beşiktaş” azarkeşi saxlanılıb


Gürcüstanın Daxili İşlər Nazirliyi Batumidə keçirilən “Beşiktaş”-“Hapoel” oyunu zamanı tribunalarda baş verən insident nəticəsində üç polis əməkdaşının yaralandığını və 16 nəfərin həbs olunduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirliyin rəsmi saytında məlumat dərc olunub.
“Bəzi xarici media orqanları polisin güc tətbiqinin Fələstin tərəfdarı bayraqların və bannerlərin nümayiş etdirilməsi ilə əlaqəli olduğu barədə məlumat yayır ki, bu da doğru deyil.
Biz bu məlumatı qəti şəkildə təkzib edirik və vurğulayırıq ki, azarkeşlərin zorakı hərəkətləri və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə fiziki qarşıdurmalar yuxarıda qeyd olunan bayraqlar və pankartların nümayişindən əvvəl, stadiona doğru yürüş zamanı başlayıb”, - məlumatda deyilir.
Nazirlik bəyan edib ki, Gürcüstan ərazisində Gürcüstan qanunvericiliyinin tələblərinə riayət etmək vətəndaşlığından və milliyyətindən asılı olmayaraq bütün şəxslər üçün məcburidir.
Hadisə Türkiyədə də siyasi reaksiyaya səbəb olub. Ankara Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətlərini tənqid edib.
Qeyd edək ki, Batumidə keçirilən sözügedən görüşün əvvəlcə Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılırdı.
Lakin Türkiyə hakimiyyəti UEFA-ya təhlükəsizlik riskləri səbəbindən matçı keçirə bilməyəcəklərini bildirmiş UEFA isə matçı Batumidə neytral məkanda keçirmək qərarına gəlmişdi.
Onu da bildirək ki, matç İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top