Prezident Estoniyanın xarici işlər nazirini qəbul edib


Prezident İlham Əliyev Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanı qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, söhbət zamanı dövlət başçısı ilə Estoniyanın xarici işlər nazirinin ötən il Bakıdakı görüşü məmnunluqla xatırlanıb.
Azərbaycanla Estoniya arasında münasibətlərin dinamik şəkildə genişləndiyini deyən Prezident İlham Əliyev hökumət nümayəndələri arasında görüşlərin keçirilməsinin yaxşı nəticələr verəcəyinə ümidvarlığını bildirib, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafı baxımından roluna toxunub və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Dövlət başçısı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin də uğurla inkişaf etdiyini deyib, bu il Avropa İttifaqı rəhbərliyinin ölkəmizə səfərlərini və Dublin Sammiti çərçivəsində keçirilmiş görüşləri xatırlayıb.
Prezident İlham Əliyev ölkələrimiz arasında tərəfdaşlığın irəli aparılması üçün məsələləri müzakirə etmək baxımından Estoniyanın xarici işlər nazirinin səfərinin uğurlu olacağına ümidvarlığını ifadə edib.
Qəbula görə minnətdarlığını bildirən Marqus Tsahkna Azərbaycanın sürətli inkişafının şəxsən şahidi olduğunu deyib, ölkəmizin regionda önəmli rol oynadığını vurğulayıb.
Münasibətlərimizin yaxşı səviyyədə olduğunu qeyd edən nazir ölkəmizə səfəri çərçivəsində Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmən açılacağını bildirib və ikitərəfli münasibətlərimizin inkişafı baxımından bu hadisənin önəminə toxunub.
Dövlət başçısı Bakıda Estoniya səfirliyinin rəsmən açılmasını əlaqələrimizin inkişafının göstəricisi kimi qiymətləndirib.
Söhbət zamanı Azərbaycanla Estoniya arasında informasiya texnologiyaları, rəqəmsal transformasiya, bağlantılar və digər istiqamətlərdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub, ölkəmizin yeni bağlantı xətlərinin sayını artırdığı vurğulanıb.
Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



DİGƏR XƏBƏRLƏR

Top