
Amerikalı milyarder Todd Bouli Rusiyanın “Lukoyl” neft şirkəti ilə onun beynəlxalq enerji aktivlərini əldə etmək üçün razılaşma əldə etdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, alıcı beynəlxalq layihələrdə iştirak edən və dövlət investisiya agentliyi olan ABŞ İnkişaf Maliyyə Korporasiyasının (DFC) daxil olduğu konsorsium olacaq.
Bouli və DFC nümayəndəsinin sözlərinə görə, müqavilə bir ildən çox davam edən danışıqların nəticəsi olub.
Müqavilə şirkətin beynəlxalq aktivlərinin 10 milyard dollarlıq “Lukoyl” qiymətli kağızlarına dəyişdirilməsini nəzərdə tutur.
Şirkət 2025-ci ilin oktyabr ayında tətbiq edilən sanksiyalara məruz qaldığı üçün proses ABŞ Maliyyə Nazirliyi tərəfindən nəzərdən keçirilməlidir.
ABŞ Maliyyə Nazirliyini təmsil edən Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) əməliyyatın milli təhlükəsizliyə təhdid yaradıb-yaratmadığını qiymətləndirməlidir.
Proseslə tanış olan mənbənin sözlərinə görə, Rusiya şirkətinin xarici portfelinin miqyasına görə, tam araşdırma xeyli vaxt apara bilər.
Əgər saziş təsdiqlənərsə, ABŞ hökuməti aktivlərdən gələcək mənfəətin bir hissəsini alacaq.
Razılaşmaya əsasən, Amerika tərəfi DFC vasitəsilə yeni şirkətin direktorlar şurasında da yer tutacaq.
Dövlətin payı hələ açıqlanmayıb. Belə ki, konsorsiumun özəl investorları qoyduqları kapitalı geri qaytardıqdan və razılaşdırılmış gəliri aldıqdan sonra mənfəətin bölüşdürülməsində iştirak edə biləcək.
Sazişlə tanış olan iki mənbəyə görə, “Lukoyl”un beynəlxalq aktivləri təxminən 16 milyard dollar təşkil edir. Portfel təxminən 40 ölkədəki əməliyyatları əhatə edir.
Tətbiqimizi yükləyə bilərsiniz