
Müstəqil Dövlətlər Birliyi (MDB) İrana tərəfdaş statusu verməyə hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, söhbət “MDB+” əməkdaşlıq formatından gedir. İran Prezidenti Məsud Pezeşkian bu təşəbbüsü oktyabrın 9-da Türkmənistanda keçirilən sammitdə gündəmə gətirib.
Lebedev bildirib ki, təklif MDB ölkələrində böyük maraq doğurub və ilkin qiymətləndirmələr əsasən müsbətdir. Müsbət qərar qəbul edilərsə, İran bu statusu alan ilk ölkə olacaq.
Pezeşkianın sözlərinə görə, “MDB+” formatı ticarət, investisiya, texnologiya, dağ-mədən sənayesi və nəqliyyat infrastrukturu sahələrində əməkdaşlığı genişləndirməyə imkan verəcək.
İran Prezidenti vahid enerji şəbəkəsinin yaradılmasını da təklif edib. Bu şəbəkə vasitəsilə üzv ölkələr neft, qaz və elektrik enerjisinin istehsalını və tədarükünü əlaqələndirə biləcəklər. O, həmçinin sanksiyalar şəraitində ticarətin davam etdirilməsi üçün alternativ ödəniş və barter mexanizmlərinin inkişafını vacib sayıb.
Pezeşkian Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Cənubi Asiya və Avropaya uzanan nəqliyyat dəhlizinin yaradılmasında İran infrastrukturundan istifadəni də təklif edib. Onun fikrincə, “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizləri bir-birinə rəqib olmamalı, əksinə, bir-birini tamamlamalıdır.
Qeyd edək ki, “MDB+” formatı 2025-ci ilin oktyabrında Qazaxıstanın təşəbbüsü ilə yaradılıb. Bu format MDB-yə üzv olmayan ölkələrin və beynəlxalq təşkilatların qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığa cəlb edilməsini nəzərdə tutur.
Tətbiqimizi yükləyə bilərsiniz