
“Numbeo” portalı 2026-cı ilin noyabr ayına olan məlumatlar əsasında Avropanın müxtəlif şəhərlərində 50 kvadratmetrlik mənzil almaq üçün neçə illik orta xalis əməkhaqqının tələb olunduğunu hesablayıb.
Yeniavaz.com xəbər verir ki, araşdırmanın nəticələrinə görə, bu göstərici üzrə Avropanın ən bahalı şəhəri Moskva olub.
Belə ki, Rusiya paytaxtında şəhər mərkəzində mənzil almaq üçün orta əməkhaqqının 22,8 il ərzində toplanması tələb olunur.
İkinci yerdə 19,3 il göstərici ilə Albaniyanın paytaxtı Tirana qərarlaşıb. Portuqaliyanın Lissabon şəhəri isə 19 il göstərici ilə üçüncü yerdədir.
İlk beşlikdə həmçinin İtaliyanın Roma (17,4 il) və Serbiyanın Belqrad (17,3 il) şəhərləri yer alıb.
Azərbaycanın paytaxtı Bakı 34 şəhərin yer aldığı siyahıda 10-cu sırada olub. “Numbeo”nun məlumatlarına görə, Bakının mərkəzində mənzilin bir kvadratmetrinin orta qiyməti 3 781 manat, orta aylıq xalis əməkhaqqı isə 1 127 manat təşkil edib.
Bu hesablamaya əsasən, Bakıda 50 kvadratmetrlik mənzilin alınması üçün təxminən 189 min manat tələb olunur. Orta aylıq əməkhaqqının tamamilə yığıldığı fərz edilərsə, belə bir mənzil almaq üçün təxminən 14 illik qazanc lazımdır.
Böyük Britaniyanın paytaxtı Londonda mənzil almaq üçün 13,7 illik, İsveçrənin Sürix şəhərində isə 13,6 illik orta əməkhaqqı tələb olunur.
Reytinqin sonuncu pillələrində isə daha əlçatan mənzil bazarına malik şəhərlər qərarlaşıb. Belə ki, Belçikanın paytaxtı Brüsseldə bu göstərici cəmi 6 il təşkil edib.
Araşdırmada diqqət çəkən məqamlardan biri daşınmaz əmlakın qiymətinin gəlirlərlə müqayisəsinin vacibliyidir.
Məsələn, Tiranada şəhər mərkəzində 50 kvadratmetrlik mənzilin qiyməti təxminən 190 min avro olduğu halda, Sürixdə bu məbləğ 1,2 milyon avroya yaxındır. Bununla belə, Sürixdə orta aylıq xalis əməkhaqqı 7 361 avro, Tiranada isə cəmi 818 avrodur.
Beləliklə, Sürixdə mənzil qiymətləri Tiranadakından 6 dəfədən çox yüksək olsa da, yerli gəlirlərlə müqayisədə İsveçrə şəhərində mənzil almaq daha əlverişlidir.

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz