Azərbaycan iqtisadi artım tempinə görə dünyada 144-cü yerdə qərarlaşacaq – Siyahı


Azərbaycanın 2026-cı ildə real ÜDM artımının 1,7 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı ilin oktyabr ayında açıqladığı “Dünya İqtisadi Perspektivləri” hesabatında yer alan məlumatlardan bəlli olur.
Hesabata əsasən, Azərbaycan iqtisadi artım tempinə görə 191 ölkə arasında 144-cü yerdə qərarlaşıb. Ölkəmizin iqtisadi artım göstəricisinin 2026-cı ildə qlobal orta göstəricidən (3,1 faiz) aşağı olacağı gözlənilir.
Proqnozlara görə, 2026-cı ildə dünyanın ən sürətlə böyüyən iqtisadiyyatı Qayana olacaq. Bu ölkədə real ÜDM artımının 25 faizə yaxınlaşacağı gözlənilir. İlk üçlükdə həmçinin Tayvan və Cənubi Sudan yer alır. Cənubi Sudanda iqtisadi artımın 10,5 faiz olacağı proqnozlaşdırılır.
Qayanada yüksək artımın əsas səbəbi dəniz neft yataqlarında hasilatın genişlənməsidir. BVF ölkənin 2026-cı ildə xam neft istehsalının əvvəlki illə müqayisədə təxminən 25 faiz artıracağını gözləyir. Tayvanda isə süni intellekt texnologiyalarının inkişafı və qabaqcıl çiplərə tələbatın artması iqtisadi yüksəlişi sürətləndirir.
Digər tərəfdən, Hörmüz boğazında gəmiçiliklə bağlı yaranan problemlər bir sıra Körfəz ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərib. Neft və qaz ixracından asılı olan İraq, Qətər və Bəhreyndə 2026-cı ildə ikirəqəmli iqtisadi geriləmə proqnozlaşdırılır. İraqın ÜDM-nin 16 faiz, Qətərin 15,6 faiz, Bəhreynin isə 11,3 faiz azalacağı gözlənilir.
Dünyanın aparıcı iqtisadiyyatları arasında Hindistanın 7 faiz artımla G20 ölkələri sırasında lider olacağı proqnozlaşdırılır. İndoneziya üçün bu göstərici 5,1 faiz, Çin üçün isə 4,5 faiz təşkil edir.
G7 ölkələrinin hamısında iqtisadi artımın dünya üzrə orta göstəricidən aşağı olacağı gözlənilir. ABŞ iqtisadiyyatının 2,3 faiz, Almaniya və Böyük Britaniyanın hər birinin 1,3 faiz, Kanadanın 1,1 faiz, İtaliyanın 0,8 faiz, Yaponiyanın 0,7 faiz, Fransanın isə 0,4 faiz böyüyəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, BVF-nin proqnozlarına əsasən, 2026-cı ildə qlobal iqtisadi artım 3,1 faiz təşkil edəcək.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top