İmamoğlunun prezidentliyə namizəd olmaq ehtimalı qalmadı


Türkiyənin ən yüksək inzibati məhkəməsi - Danıştay İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlunun universitet diplomunun ləğvi ilə bağlı qərarı qüvvədə saxlayıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Danıştay İmamoğlunun diplomunun ləğvinə qarşı verdiyi kassasiya şikayətinə baxaraq, əvvəlki məhkəmə qərarlarının dəyişdirilməsi üçün əsas görməyib və şikayəti rədd edib.
Beləliklə, diplomun ləğvi ilə bağlı inzibati məhkəmə instansiyalarında apelyasiya prosesi başa çatıb. Qərar barədə rəsmi bildiriş aldıqdan sonra İmamoğlunun yalnız Türkiyə Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ qalır.
Qeyd edək ki, Türkiyə Konstitusiyasına əsasən, prezidentliyə namizədlərin ali təhsilli olması tələb olunur. Bu səbəbdən universitet diplomunun ləğvi İmamoğlunun gələcəkdə prezidentliyə namizədliyini irəli sürməsinə maneə yarada bilər.
Xatırladaq ki, 2025-ci ilin mart ayında İstanbul Universitetinin rəhbərliyi Əkrəm İmamoğlu da daxil olmaqla 28 nəfərin diplomunun verilməsi zamanı qanun pozuntularına yol verildiyini əsas gətirərək həmin diplomların ləğv edilməsi barədə qərar qəbul edib.
İmamoğlunun işində onun Şimali Kiprdəki universitetdən İstanbul Universitetinə köçürülməsinin qanunsuz olduğu ilə bağlı hallar müəyyən edilib. İmamoğlu bu qərardan məhkəməyə şikayət etsə də, onun iddiası əvvəlcə birinci instansiya məhkəməsi, daha sonra isə apelyasiya məhkəməsi tərəfindən rədd edilib.
Qeyd olunur ki, İmamoğlunun diplomu ilə bağlı məlumatlar İstanbul Universitetinin məlumat bazasından və Türkiyənin e-Devlet elektron dövlət sistemindən də silinib.
“BirGün” yazır ki, bu qərar Əkrəm İmamoğlunun prezidentliyə namizəd olmaq imkanının aradan qalxması deməkdir.

DİGƏR XƏBƏRLƏR

Top