“Müfəttişlik araşdırmanı şikayət edilən şirkətə, müəssisəyə görə müəyyən edir”


Jurnalist İlkin Muradov ölkədə işçi hüquqlarının pozulması halları ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı sualların cavabsız qaldığını bildirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.
İ. Muradov iddia edir ki, işçi hüquqlarının pozulması halları ilə bağlı sosial media hesablarında məlumatlar dərc etdikdən sonra sentyabr ayında Dövlət Əmək Müfəttişliyi Xidmətindən onunla əlaqə saxlayıblar:
“Bu paylaşımları yüksək qiymətləndirdiklərini, hər birinin xüsusi olaraq araşdırıldığını bildirdilər. Mən də bu barədə paylaşım etdim.
Mənimlə mütəmadi olaraq əlaqədə olan, hər paylaşımı mənə göndərərək şikayətçinin əlaqə nömrəsini və şəxsi məlumatlarını alan xanım əməkdaş, demək olar ki, hər gün səhər mənə yazırdı. Mən də şikayətçi olan vətəndaşları birbaşa onlara yönəldirir, rəsmi məktub yazmalarını istəyirdim. Xanım əməkdaş deyirdi ki, hər şikayətin nəticəsi ilə bağlı məlumat veriləcək. Əvvəl dedilər araşdırma 15-20 gün, sonra dedilər bir ay çəkir.
Artıq şikayətini yönləndirdiyim insanlar məndən cavab soruşmağa başladı. Çünki şikayətlərin göndərilməsindən üç aya yaxın bir vaxt keçmişdi. Mən də cavab öyrənmək üçün həmin xanım əməkdaşa yazdım. Nəticə nə olsa yaxşıdır? Xanım mesajlarıma cavab yazmadı. Oxuyur, dinləyir, amma cavab yazmır”.
Jurnalistin iddiaları ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığımız sorğuya cavab verilməyib.
İ. Muradov bu gün bir daha sözügedən məsələyə toxunaraq bunları yazıb:
“Müfəttişlik mənə rəsmi məktub göndərirdi ki, işçinin şikayətçi olduğu müəssisənin hüquqi ünvanı və digər rəsmi məlumatlarını onlara təqdim edim. Bu məlumatları əldə etməyin çox asan yollarını bilirik, amma müəffətişliyin bunu məndən soruşması necə fəaliyyət göstərdiklərinin nümunəsidir. Neçə belə rəsmi məktub göndəriblər.
Bu qədər şikayətçi işçi ilə danışıram. 10-15 günə müraciətinə cavab (nəticə) alan da var, ümumiyyətlə müraciətinə cavab almayan da. Bu isə o deməkdir ki, müfəttişlik vətəndaş şikayətinin araşdırmasını şikayət edilən şirkətə, müəssisəyə görə müəyyən edir”.

DİGƏR XƏBƏRLƏR

Top