Azərbaycan, Gürcüstan və Ermənistanda sosial şəbəkə istifadəçiləri – Müqayisə


2026-cı ilin oktyabr ayına olan məlumatlara görə, Azərbaycanda internet istifadəçilərinin sayı 9,51 milyon nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nəlumat beynəlxalq “DataReportal” platformasının “Digital 2027” hesabatında yer alıb.
Açıqlanan məlumatlara görə, Azərbaycan əhalisinin təxminən 90,8 faizi internetdən istifadə edir. Müqayisə üçün qeyd edək ki, Ermənistan və Gürcüstanda bu göstərici müvafiq olaraq 83,4 və 83,8 faizdir.
Beləliklə, internetdən istifadə səviyyəsinə görə Azərbaycan hər iki qonşu ölkəni qabaqlayır.
Sosial şəbəkələrə gəldikdə isə Azərbaycanda 8,44 milyon istifadəçi kimliyi qeydə alınıb. Bu, ölkə əhalisinin 80,6 faizinə bərabərdir.
Ermənistanda sosial şəbəkə istifadəçilərinin sayı 1,65 milyon, Gürcüstanda isə 3,05 milyon göstərilir. Əhali sayına nisbətdə bu rəqəmlər Ermənistanda 56,4, Gürcüstanda isə 80,2 faiz təşkil edir.
İnternet istifadəçiləri arasında sosial şəbəkələrdən yararlananların payı Gürcüstanda daha yüksəkdir. Belə ki, bu ölkədə internet istifadəçilərinin 95,7 faizi sosial şəbəkələrdə təmsil olunur.
Azərbaycanda həmin göstərici 88,8 faiz, Ermənistanda isə 67,6 faizdir.

“Facebook” Azərbaycanda Ermənistandan və Gürcüstandan geri qalır
Üç ölkə üzrə platformaların müqayisəsində ən diqqətçəkən məqamlardan biri “Facebook”un auditoriyası ilə bağlıdır.
Məlumatlara əsasən, Azərbaycanda “Facebook”un reklam alətlərində qeydə alınan potensial auditoriyası təxminən 1,5 milyon nəfərdir. Bu, ölkə əhalisinin 14,3 faizinə bərabərdir.
Ermənistanda isə “Facebook” auditoriyası 1,65 milyon nəfər göstərilir. Ölkənin əhalisi nəzərə alındıqda bu, 56,4 faizlik göstərici deməkdir.
Gürcüstanda vəziyyət daha fərqlidir. Burada “Facebook”un potensial auditoriyası 3,05 milyon nəfər, yəni ölkə əhalisinin 80,2 faizi səviyyəsində qiymətləndirilir.
Beləliklə, “Facebook”un əhali sayına nisbətdə yayılma göstəricisi Gürcüstanda Azərbaycandan təxminən 5,6 dəfə, Ermənistandan isə 1,4 dəfə yüksəkdir.
Mütləq say baxımından da Gürcüstan ilk sıradadır. Halbuki ölkənin əhalisi Azərbaycandan təxminən 2,8 dəfə azdır.

“Instagram”da Azərbaycan və Gürcüstan eyni göstəriciyə yaxındır
Azərbaycanda “Instagram” istifadəçilərinin sayı təxminən 4,15 milyon nəfər göstərilir. Bu, ölkə əhalisinin 39,6 faizinə bərabərdir.
Ermənistanda platformanın potensial auditoriyası 1,5 milyon nəfərdir. Əhali sayına nisbətdə bu göstərici 51,3 faiz təşkil edir.
Gürcüstanda da “Instagram” auditoriyasının əhali sayına nisbəti Ermənistanla eynidir – 51,3 faiz. Lakin mütləq say baxımından Gürcüstan Ermənistandan öndədir. Belə ki, qonşu ölkədə “Instagram”ın potensial auditoriyası 1,95 milyon nəfərdir.
Əhali sayına nisbətdə isə Ermənistan və Gürcüstanda “Instagram”ın potensial auditoriyası “Facebook”da olduğu kimi Azərbaycandan daha yüksəkdir.


“TikTok” Azərbaycanda 8,4 milyon nəfərlik auditoriyaya malikdir
“DataReportal”ın məlumatlarına əsasən, Azərbaycanda “TikTok”un reklam alətlərində göstərilən potensial auditoriyası 8,44 milyon nəfərdir. Bu rəqəm ölkə əhalisinin təxminən 80 faizinə bərabərdir.
Gürcüstanda isə “TikTok”un potensial auditoriyası 3,02 milyon nəfər göstərilir. Bu da ölkə əhalisinin təxminən 79 faizinə bərabərdir.
Qeyd edək ki, “DataReportal” Ermənistan üzrə hesabatda “TikTok”un müqayisə edilə bilən potensial auditoriya göstəricisini təqdim etməyib.

“X” sosial şəbəkəsi hər üç ölkədə az istifadə olunur
“X” (keçmiş “Twitter”) platforması üzrə göstəricilər üç ölkədə də digər böyük sosial şəbəkələrlə müqayisədə xeyli aşağıdır.
Azərbaycanda “X” platformasının potensial auditoriyası 214 min nəfərdir. Bu, ölkə əhalisinin cəmi 2 faizinə bərabərdir.
Ermənistanda 64,7 min nəfərlik auditoriya qeydə alınıb. Əhali sayına nisbətdə bu, 2,2 faiz təşkil edir.
Gürcüstanda isə “X” platformasının auditoriyası 169 min nəfərdir. Bu göstərici ölkə əhalisinin 4,4 faizinə bərabərdir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top