
“Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) təhsil almış dövlət qulluqçularına diplomların verilməsində problem yarandığı iddia olunur.
Yeniavaz.com-a daxil olan məlumata görə, bu üsulla DİA-da təhsilini ötən il və bu il başa vurmuş dövlət qulluqçuları hələ də diplomlarını ala bilməyiblər.
Bildirilir ki, buna səbəb Elm və Təhsil Nazirliyinin diplomları verməkdən imtina etməsidir. Nazirliyin buna səbəb kimi sözügedən şəxslərin DİM-in müvafiq imtahanlarında iştirak etmədən magistr təhsili almasını göstərdiyi iddia olunur.
Dövlət İdarəçilik Akademiyasından məsələ ilə bağlı Yeniavaz.com-a bildirilib ki, bir qrup dövlət qulluqçusu “Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq rəsmi göndəriş əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olublar:
“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında qeyd olunan şəxslərin tədris prosesi həyata keçirilib, təhsilin yekunları haqqında sənədlər müvafiq qaydada Elm və Təhsil Nazirliyinə göndərilib”.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə ünvanladığımız sorğu isə cavabsız qaldı.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz