GTA 6 ilk 24 saatda 3,79 milyard dollar gəlir əldə edərək rekord qırıb


Uzun müddətdir gözlənilən “Grand Theft Auto 6” (GTA 6) videooyunu satışa çıxdıqdan sonra ilk 24 saat ərzində 3,79 milyard dollar gəlir əldə edərək əyləncə sənayesi tarixində ən uğurlu təqdimata imza atıb.
Yeniavaz.com
xəbər verir ki, “Rockstar Games”in bağlı olduğu “Take-Two Interactive” şirkətinin məlumatına görə, oyun rəsmi təqdimatdan əvvəl də 32,5 milyon nüsxəlik ilkin satış göstəricisinə çatıb.
Müqayisə üçün, seriyanın əvvəlki oyunu GTA 5 2013-cü ildə satışa çıxandan sonra ilk üç gün ərzində 1 milyard dollar gəlir əldə etmişdi. Həmin oyunun dünya üzrə satışları indiyədək 230 milyon nüsxəni ötüb. GTA 6-nın ilk gündəki gəliri hətta ilin ən çox gəlir gətirən filmlərindən biri olan “Hörümçək-adam: Yeni gün”ün dünya üzrə 2,5 milyard dollarlıq kassa gəlirini də üstələyib.
Analitiklərin qiymətləndirməsinə görə, GTA 6-nın hazırlanmasına 1 milyard dollardan çox vəsait xərclənib. Bu, oyunu tarixdə ən bahalı əyləncə layihələrindən birinə çevirib.
Oyunun hadisələri Floridadan ilhamlanan uydurma Leonida ştatında cərəyan edir. Baş qəhrəmanlar Lusiya Kaminos və Ceyson Düval cinayət dünyasının təhlükəli macəralarına və böyük bir sui-qəsd planına cəlb olunurlar.
İlkin satışların təxminən dörddə üçü “PlayStation 5”, qalan hissəsi isə “Xbox” platformasının payına düşüb. Oyunun kompüter versiyasının təqdimat tarixi hələ açıqlanmayıb. Çoxnəfərli oyun rejimi ilə bağlı təfərrüatlar da məlum deyil.
GTA 6 2026-cı il noyabrın 19-da, seriyanın əvvəlki əsas oyunundan 13 il sonra satışa çıxarılıb və artıq əyləncə sənayesinin ən böyük kommersiya təqdimatlarından biri kimi tarixə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top