
Ermənistanın Baş naziri Nikol Paşinyan “Yerevan Today” media qurumunun baş redaktoru Sevak Akopyana, “Media Plyus” MMC-yə və “Hayeli Klub” Demokratiyaya Dəstək İctimai Təşkilatına qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın “Datalex” məhkəmə informasiya sistemində məlumat yerləşdirilib.
Bildirilib ki, o, ünvanına səsləndirilən və böhtan hesab etdiyi məlumatların təkzib olunmasını, həmçinin təzminat ödənilməsini tələb edir.
Ermənistanın baş naziri təkzibin müddət məhdudiyyəti olmadan videoformatda da yayımlanmasını istəyir.
Nikol Paşinyan ictimai təkziblə yanaşı, Sevak Akopyandan, “Media Plyus” MMC-dən və “Hayeli Klub”dan böhtan nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi müştərək qaydada 4 milyon dramın tutulmasını tələb edir.
İddia noyabrın 19-da və 20-də yayımlanmış materiallarla bağlıdır. İddiaçının fikrincə, həmin materiallarda Paşinyana “yüksək səviyyəli talan” və “yüksək dərəcəli korrupsiya” ilə bağlı faktlar aid edilib.
Paşinyan cavabdehlərin məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra beş iş günü ərzində mübahisəli məlumatların yayımlandığı eyni “YouTube” kanallarında, xəbər saytlarında və “Facebook” səhifələrində ictimai təkzib vermələrini tələb edir. O, təkzibin videoformatda, əlçatanlıq müddətinə məhdudiyyət qoyulmadan yayımlanmasını da istəyir.
Tətbiqimizi yükləyə bilərsiniz