ABŞ yalnız bir iranlıya güzəştə getdi

ABŞ hakimiyyəti təcili cərrahiyyə əməliyyatı keçirmək üçün iranlı uşağın ölkəyə gəlməsinə icazə verib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Nyu-York ştatının qubernatoru Endryu Kuomo deyib. Uşağın ailəsi daha əvvəl Dubayda turizm vizası almağa çalışıb, lakin ABŞ prezidenti Donald Tramp İran da daxil olmaqla 7 ölkə vətəndaşının ölkəyə girişinin qadağan edilməsi haqqında fərman imzaladıqdan sonra turizm vizasının verilməsi dayandırılmışdı. 6 ayı tamam olmamış Fatma Rəşad adlı qızın ailəsi bu səbəbdən evə dönməyə məcbur olub. İranlı həkimlər qızın valideynlərinə bildiriblər ki, ürəyindəki problemi aradan qaldırmaq üçün o ən azı bir əməliyyat keçirməlidir, əks təqdirdə uşaq ölə bilər. Lakin bu gecə federal hakimiyyət F. Rəşada və onun ailəsinə ABŞ-a giriş üçün xüsusi sənədlər təqdim ediblər.

Xatırladaq ki, D. Tramp yanvarın 27-də miqrasiya siyasətinin sərtləşdirilməsinə dair bir neçə sənəd imzalayıb. Onlardan biri 7 müsəlman ölkəsindən – İran, İraq, Yəmən, Liviya, Suriya, Somali, Sudan - olan qaçqınların ABŞ-da yerləşdirilməsi proqramının 120 gün müddətinə dayandırılmasını nəzərdə tutur. D. Tramp, həmçinin İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkə ərazisinə buraxılmamasına dair fərman imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top