Səddam Hüseynin təyyarəsi satışa çıxarılır


İraq dövlətinə məxsus ”Iraqi Airways” aviaşirkəti iki “Boeing 747” təyyarəsini satmaq niyyətində olduğunu elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat aviaşirkətin rəsmi saytında yerləşdirilən elanda öz əksini tapıb.
Məlumata görə, təyyarələr hazırda ölkə ərazisindən kənarda, Tunisin cənub-qərbində yerləşir.
Onlardan biri, YI-ALM qeydiyyat nömrəli “Boeing 747SP” təyyarəsi İraq hökumətinə məxsus olub və keçmiş prezident Səddam Hüseyn tərəfindən istifadə edilib.
Elana görə, satışa çıxarılan hər bir təyyarənin qiyməti 900 min dollardır.
Satışı həyata keçirmık üçün Tunisdəki İraq səfirliyində xüsusi komitə yaradılıb və 21 dekabr - 5 yanvar tarixləri arasında potensial alıcılardan təkliflərin qəbul edilməsi nəzərdə tutulub.
”Iraqi Airways” təyyarələrin texniki zəmanət olmadan satıldığını əlavə edib. Digər tərəfdən, alıcı bütün nəqliyyat və hüquqi köçürmə xərclərini, eləcə də gömrük rüsumlarını və təmir xərclərini ödəməlidir.
Səddam Hüseynin bir neçə dəfə istifadə etdiyi “Boeing 747SP” təyyyarəsi ilə yanaşı, ümumi tutumu 330 oturacaq olan “Boeing 747-200” sərnişin təyyarəsi də satışa çıxarılıb. Hər iki təyyarə 1982-ci ildə istehsal olunub.
Qeyd edək ki, 1991-ci ilin yanvar ayında, ABŞ və müttəfiqləri tərəfindən təşkil edilən "Səhra Fırtınası" əməliyyatının başlamasından bir neçə həftə əvvəl, İraq hakimiyyəti potensial hava hücumlarından qorumaq üçün bir neçə sərnişin təyyarəsini ölkədən çıxarmaq və digər Yaxın Şərq ölkələrində yerləşdirmək qərarına gəlib.
“Al-Arabiya” telekanlının məlumatına görə, “Boeing 747SP” və “Boeing 747-200” təyyarələri Tunisdəki “Tauzar-Nefta” Beynəlxalq Hava Limanına aparılıb və bu günə qədər orada qalıb. Telekanalın məlumatına görə, Tunisdə n başqa altı təyyarə İordaniyada, beş təyyarə isə İranda olub.
İraq hakimiyyəti hələlik ”Iraqi Airways”in təyyarənin satışa çıxarılacağı ilə bağlı açıqlamasına rəsmi münasibət bildirməyib.


 

DİGƏR XƏBƏRLƏR

Top